"Beşiktaş"ın problemli oyunçusu Manuel Fernandesin klubdakı gələcəyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bu gün səhər saatlarında rəhbərlik qış fasiləsində portuqal futbolçu ilə yollarını ayırma qərarı alıb.
"Ağ-qaralar" baş məşqçi Slaven Biliçin Fernandesin komandada qalması yönündəki hesabatını bu səhər veto edib.
Klub prezidenti Fikrət Orman İstanbul təmsilçisinin yeni müqavilə təkliflərinə "naz edən" pleymeykerin göndərilməsinə şəxsən qərar verib. İddialara görə, iclas zamanı "Oynamaq istəmirsə, bu kluba lazım deyil. Burada heç kimin nazıyla oynayacaq deyiləm" ifadəsini işlədən prezident Fernandesin dərhal satışa çıxarılmasını tələb edib. "Beşiktaş"ın transfer komitəsi bundan sonra portuqaliyalıya gələn təklifləri qiymətləndirəcək. Futbolçunun Qətərə gedə biləcəyi iddia edilir.
Qeyd edək ki, Türkiyə mətbuatı "Kasımpaşa" ilə matçda bir azarkeşin hücum çəkməsindən sonra Fernandesin qəti ayrılmaq qərarı verdiyi və buna görə yeni müqavilə təklifini geri çevirdiyini iddia edib.





