Azərbaycan futbolunda tanınmış simalardan olan Yunis Hüseynov futbolda ilk addımlarını Gəncədə – yerli “Kəpəz”də atsa da, daha çox “Neftçi”də çıxışı ilə tanınıb. Təsadüfi deyil ki, 1984-cü ildən 1998-ci ilədək, fasiləsiz 14 il “ağ-qaralar”ın uğurları üçün tər tökən sabiq yarımmüdafiəçi əvvəl SSRİ, sonra Azərbaycan çempionatının iştirakçısı olub. Elə buna görə də, uğurları daha çox Bakı klubu ilə bağlıdır – 3 çempionluq, 3 kubok, 1 bürünc medal, 2 dəfə (1994, 1998) Azərbaycanda ilin ən yaxşı futbolçusu. “Kəpəz”lə də Azərbaycan çempionu (1999-cu ildə – müəl.) olan Y.Hüseynov məşqçi kimi Yevlax “Karvan”ı ilə çempionatımızın gümüş və bürünc, “Xəzər Lənkəran”la isə gümüş medala sahib çıxıb. 48 yaşlı mütəxəssis yaradıcılarından olduğu “Karvan”la 2006-cı ildə Azərbaycan klubları arasında ilk dəfə UEFA kubokunda mərhələ adlamaqla adını futbol tariximizə yazdırıb. “Qəbələ”nin çıxışı barədə mütəxəssis rəyi eşitmək üçün Y.Hüseynova meydan verdik. Onunla söhbət zamanı başqa maraqlı məqamlar da üzə çıxdı.
 
“Komandanın bu mövsüm yaxşı transferləri olub”
 
Veteran futbolçu “qırmızı-qaralar”ın bu il rəqibləri ilə müqayisədə daha çox gücləndiyindən Avropaya çıxacağına əmindi: “Zənnimcə, “Qəbələ” bu mövsüm avrokuboklara düşə biləcək. Komanda səviyyəli yeni transferlər hesabına potensialını artırdığından bu mövsüm istəyinə çata bilər. Üstəlik, Avropaya çıxmaq üçün ölkə kuboku da var. Düşünürəm ki, “Qəbələ” bu 2 turnirin birindən qitəmiqyaslı yarışa vəsiqə qazanacaq. Sonrasını isə zaman göstərəcək”. 
 
“Qəbələ”nin hazırda yaxşı təsir bağışladığını deyən Hüseynovun qənaətinə görə, çatışmayan bir cəhət varsa, o da komandanın sabit oyun göstərməməsidi. O, bunu futbolçulardan bəzilərinin fərdi oyuna üstünlük verməsi ilə əlaqələndirdi: “Qəbələ” bu mövsüm yaxşı transferlər edib. Lakin futbolçular fərdi şəkildə oynamağa başlayanda komanda zəif təsir bağışlayır. Amma komanda oyunu olanda, nəticə qazanılır. Buna görə də, düşünürəm ki, aparıcı futbolçular meydançada daha məsuliyyətli olmalıdılar”.
 
“Qəbələ”yə qalib gələ bilmədiyimdən, hər şey son tura qaldı”
 
“Qəbələ” Hüseynovun məşqçilik karyerasında yaddaqalan iz buraxıb. O, bu komanda ilə oyunlardan birini xüsusilə xatırlayır: “2011/12 mövsümündə çempionatın başa çatmasına 1 tur qalmış Lənkəranda “Qəbələ”yə üstün gəlsəydik, gümüş medalı və Avropa Liqasına vəsiqəni vaxtından əvvəl təmin edəcəkdik. Ancaq oyun 1:1 nəticələndiyindən, bunu “Qarabağ”la son turdakı ev matçına (4:1-müəllif) saxladıq. Halbuki, “Qəbələ” ilə oyunda hesabda 1:0 öndə idik. Bilirdim ki, rəqibin əkshücumları təhlükəlidi. Dodo-Mendi-Kamanan üçlüyünün gücü hamıya məlumdu. “Qəbələ” bu sürətli futbolçuları sayəsində əks-hücumlarda yaxşı oynayırdı. Matçın son dəqiqələrində Viktor Mendi vurduğu qolla bizi qələbədən məhrum etdi. “Qəbələ” indi də əks-hücumlarda yaxşı təsir bağışlayır. Futbolçuların ustalıq səviyyəsi yaxşı olduğundan komanda çempionatın ən güclüləri sırasındadı”.
 
“Syominə demədən “Lokomotiv”dən getdim”
 
Hüseynov daha bir maraqlı məqama da toxunub. Demə, "Qəbələ"nin indiki baş məşqçisi Yuri Syomin “Lokomotiv”də çalışdığı zaman onu öz komandasında görmək istəyib. Ancaq həmyerlimiz bu şansdan istifadə etməyib: “Syomin hələ SSRİ dövründən tanınmış mütəxəssisdi. Eşitmişdim ki, Moskvada Ali Məşqçilər Məktəbində Ağasəlim Mircavadov, rəhmətlik Ruslan Abdullayevlə birgə oxuyub, oranı əla qiymətlərlə bitirib. Syomin məni öz komandasına da dəvət etmişdi. Bu, 90-cı illərin əvvəlində olub. Mən 80-ci illərdə SSRİ yığmasında da oynayırdım. “Neftçi”də 1989-cu ildən başlayaraq 9 il kapitan olmuşam. Yəqin ki, Yuri Pavloviç məni yaxşı tanıyırdı (gülür). “Neftçi”yə dəvət gəldi və mən Moskvaya getdim. Ancaq “Lokomotiv”də bircə gün məşq etdim. Hərdən soruşurlar ki, azərbaycanlı futbolçular niyə xaricə oynamağa getmirlər. Şəxsən özümdən götürürəm, mən başqa yerdə qala bilmədim. “Lokomotiv”də birinci məşqdən sonra darıxmağa başladım. Syomin məşqdə deyildi. İkinci məşqçiyə dedim ki, qala bilmirəm, gedirəm. Syominə demədən, “Lokomotiv”dən getdim. Beləcə, qayıtdım “Neftçi”yə. Vaxtilə verdiyim qərarıma görə indi çox təəssüflənirəm. O vaxt gənc olmuşam, şansımı dəyərləndirə bilməmişəm. Sonradan Syominlə bir dəfə həmkar kimi görüşdük. “Xəzər Lənkəran”la Avstriyada təlim-məşq toplanışında olduğumuz zaman Kiyev “Dinamo”su ilə yoldaşlıq matçı oynadıq. Onda Yuri Pavloviçlə görüşdüm, futboldan danışdıq. Ancaq vaxtilə onun komandasında baxışda olduğumu demədim. Syominə mənimlə bağlı sual veriləndə, belə dedi: “Hə, Yunis Hüseynov, yadıma gəlir, komandama gəlmişdi, ancaq sonradan tez çıxıb getdi”. ("Qəbələ FK" qəzeti) 
Shares: