Hollandiya millisinin baş məşqçisi Lui van Qal ötən günlərdə Andre Villaş-Boaşla yollarını ayıran "Tottenhem"də baş məşqçi postuna namizədlər arasına düşüb. Futbolinfo.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi onun millidəki vəzifəsindən ayrılacağı ilə bağlı yayılan xəbərləri nəzərə alaraq van Qalla danışıqlara başlamaq istəyir.
"NOS" televiziyasına danışan təcrübəli mütəxəssis də İngiltərə premyer-liqasında işləməyə müsbət yanaşdığını gizlətməyib: "Mənə gələn təkliflər haqda danışa bilmərəm. Hər zaman dediyim kimi futboldan getməzdən əvvəl premyer-liqada çalışmaq istəyirəm. Oradan gələn təklifləri dəyərləndirərəm".
Qeyd edək ki, DÇ-2014-dən sonra Hollandiya yığmasından ayrılacaq Qalın “Tottenhem”ə ancaq və ancaq mundialdan sonra gələ biləcəyi vurğulanır. O zamana qədər isə kluba müvəqqəti olaraq Tim Şervud baş məşqçilik edəcək.





