Hazırda istirahətdə olan Topaz Premyer Liqasının iştirakçıları gələn ilin ilk günlərində çempionatın qalan hissəsinin hazırlığına start verəcək. Futbolinfo.az xəbər verir ki, klublarımız ənənəvi olaraq qış fasiləsində ölkə xaricində təlim-məşq toplanşına keçəcəklər.
Bu üzdən də biz bütün klublarımızın hazırlıq planları, harada və nə qədər toplanış keçəcəyini öyrənməyə çalışdıq.
Qarabağ
İkinci dövrənin son turunda "İnter"ə qalib gələrək qış fasiləsinə lider kimi yollanan "Qarabağ" təlim-məşq toplanışı üçün Antalyaya yola düşəcək. Hazırlıq prosesi dönəmində ağdamlılar 4 yoxlama oyunu keçirəcək. Baş məşqçi Qurban Qurbanovun istəyi ilə ilk oyun zəif rəqiblə, sonrakılar isə güclü komandalara qarşı olacaq. "Atlılar"ın hansı komandalarla qarşılaşacağı isə hələ ki, dəqiq deyil. Antalyanın Bələk bölgəsinin "İc Santai" otelində məskunlaşacaq komandanın hazırlıq prosesi yanvarın 7-dən 26-na qədər davam edəcək.
Qəbələ
Qış fasiləsinə ikinci pillədə yollanan "Qəbələ də təlim-məşq toplanışı üçün Antalyaya üz tutacaq. Yuri Syominin komandasının hazırlıq prosesi yanvarın 5-dən 25-dək nəzərdə tutulub. Bu müddən ərzində qəbələlilər Bələkdəki "Qloria Sereniti" otelində məskunlaşacaqlar. Hazırlıq planlarında isə qardaş ölkənin "Beşiktaş" və Rusiyanın "Rostov" klubu ilə yoldaşlıq görüşləri keçirilməsi nəzərdə tutulub.
Neftçi
Son turda AZAL-a 1:2 hesabı ilə məğlub olaraq liderliyi "Qarabağ"a təhvil verən "Neftçi" təlim-məşq toplanışı üçün Antalyaya üz tutacaq. Nazim Süleymanovun yetirmələrinin hazırlıq prosesi çərçivəsində dörd yoldaşlıq oyunu keçirməsi planlaşdırılır. Rəqib qismində Ukrayna, Almaniya və Albaniyadan olan komandalar nəzərdə tutulub. “Ağ-qaralar”ın hazırlıq prosesi yanvarın 12-dən başlayacaq və ayın 27-dək davam edəcək. Flaqman bu müddət ərzində Telman İsmayılovun sahibi olduğu “Mardan Palace” otelində məskunlaşacaq.
İnter
İkinci dövrənin son turunda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqdan sonra 4-cü pillədə qərarlaşan "bankirlər" təlim-məşq toplanışı üçün Türkiyəyə üz tutacaq. Antalyanın Bələk bölgəsində "Titanik" otelində məskunlaşacaq "İnter" 5 yoldaşlıq matçı da keçirəcək. Rəqib komandaların adları və oyunların təqvimi yaxın günlərdə bilinəcək. Təlim-məşq toplanışı isə yanvar ayının 5-dən 25-dək nəzərdə tutulub.
Bakı
İkinci dövrəni 5-ci yerdə tamamlayan paytaxtın eyni adlı klubu təlim-məşq toplanışını İspaniyada keçirəcək. Yanvarın 11-dən 27-nə qədər təlim-məşq toplanışında olacaq "Bakı" bu müddətdə 4 yoldaşlıq görüşü keçirməyi də planlaşdırıb. Komandanın rəqibləri isə hələ məlum deyil. Bakılıların Çin çempionatında 2-ci pillədə qərarlaşan komanda ilə oyun keçirməsi gözlənilir. Paytaxt klubunun planlarına Madrid "Atletiko"su ilə oyun keçirmək də daxildi. Lakin rəqibin A, yoxsa B komanda olacağı bilinmir.
Simurq
Zaqatala klubu təlim-məşq toplanışına yanvarın 8-dən etibarən Antalyada başlayacaq. Komanda ayın 26-da vətənə dönəcək. "Simurq"un təlim-məşq toplanışı zamanı hansı komandalarla qarışalaşacağı və hansı oteldə məskunlaşacağı hələ məlum deyil.
AZAL
Son turda "Neftçi" üzərində qələbə qazanaraq qış fasiləsinə yüksək əhval-ruhiyyə ilə yollanan təyyarəçilər təlim-məşq toplanışını Antalyada keçirəcək. Ancaq AZAL-ın da proqramı hələ tam bəlli deyil.
Xəzər Lənkəran
Mustafa Dənizlinin gəlişindən sonra kubok oyunu da daxil olmaqla 4 oyunda 3 qələbə qazanıb, bir heç-heçə edən cənublular təlim-məşq toplanışını Antalyada keçirəcək. Komanda yanvarın 3-də qardaş ölkəyə yola düşəcək. “Xəzər Lənkəran” qardaş ölkədəki toplanış müddətində Antalyanın Bələk bölgəsinin tanınmış otellərindən sayılan “Ela Quality Resort”da qalacaq.
Rəvan
Şahin Diniyevin komandası da əksər klublarımız kimi təlim-məşq toplanışı üçün Antalyaya üz tutacaq. Ancaq digər detallar isə hələ ki, dəqiqləşməyib.
Sumqayıt
İkinci dövrənin yekununda topladığı 7 xalla turnir cədvəlinin dibinə dəmir atan autsayder "Sumqayıt"da təlim-məşq toplanışının proqramı hələ bəlli deyil. Gənclər şəhərinin təmsilçisinin qış fasiləsində harada hazırlı keçəcəyi bu həftənin sonunda məlum olacaq.
EMİN SƏFƏROV





