Ukrayna millisinin qapıçısı Georgi Buşanla bağlı söz-söhbətlər səngimir.
Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunun futbolçusunun karyerasını Azərbaycanda davam etdirmək ehtimalı ilə bağlı daha bir məlumat yayılıb.
Bildirilir ki, 31 yaşlı qolkiperin xidmətində maraqlı olan Misli Premyer Liqasının adı açıqlanmayan klubu artıq onunla ilkin danışığa başlayıb. Futbolçu özü isə ölkəsinin mətbuatına açıqlamasında bu xəbəri nə təkzib, nə də təsdiq edib.
Buşan hazırda bütün diqqətini icarə əsasında çıxış etdiyi “Polesye”də mövsümü uğurla başa vurmağa yönəltdiyini söyləyib. O, “Əl-Şabab”la müqaviləsinin davam etdiyini və transfer etmək istəyən klubun Səudiyyə Ərəbistanı təmsilçisini də razı salmalı olduğunu sözlərinə əlavə edib.
Yayılan məlumatda o da qeyd olunub ki, “Polesye” Buşanı növbəti mövsüm üçün heyətində saxlamayacaq. Həmçinin “Əl-Şabab” da onu qaytarmaqda maraqlı deyil. Bu səbəbdən qapıçının böyük ehtimalla yayda başqa kluba keçəcəyi yazılıb.
Qeyd edək ki, Georgi Buşanın “Əl-Şabab”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. Onun “Neftçi”yə gəlmək variantı daha inandırıcıdır. Çünki bakılıların baş məşqçisi Yuri Vernidub gəldiyi gündən qapını daha etibarlı birinə tapşırmaq istəyir. Onun həmyerlisinə qucaq açması sürpriz olmaz.






