Misli Premyer Liqasının 30-cu turunda qapılara ümumilikdə 14 qol vuruldu. Heç-heçənin qeydə alınmadığı turun 3 oyununda meydan sahibləri, digər 3 matçında isə qonaqlar sevindilər.
Turun darmadağını
Bu tur iki darmadağın izlədik. Çempionluğu təmin etmiş “Sabah”a iddialılara başağrısı olan “Şamaxı”nın problem yaradacağı ehtimal edilsə də, bu baş vermədi. İlk hissədə 1 qol vuran “bayquşlar” matçın sonlarında daha 2 dəfə fərqlənərək, Şamaxı səfərindən 3 xalla qayıtdılar. Turun digər böyükhesablı qələbəsinə isə “Neftçi” imza atdı. Səfərdə autsayder “Karvan-Yevlax”la qarşılaşan “ağ-qaralar” darmadağına imza atdılar. 3:0 hesablı qələbəyə sevinən Yuri Vernidubun yetirmələri 4-cü yerdə qalmağı bacardılar.
Turun qələbəsi
Turun mərkəzi matçı “Qarabağ” və “Turan Tovuz” arasında keçirildi. Bu komandalar arasında gümüş medallar uğrunda mübarizə getdiyindən, oyunda hansı nəticənin qeydə alınacağı maraq doğururdu. İlk hissə qolsuz bərabərliklə başa çatsa da, ikinci yarı məhsuldar alındı. “Qarabağ” 4 dəqiqəyə 2 qol vuraraq görüşün gedişində yaxşı üstünlük əldə etdi. “Turan Tovuz”un gücü isə yalnız hesab arasındakı fərqi azaltmağa çatdı. Nəticədə “Qarabağ” 2:1 hesablı vacib qələbə qazanaraq, ikinci pillədəki mövqeyini qorudu.
Turun komandası
9-cu pillənin sakini “İmişli”nin 6-cı yerdə qərarlaşan “Araz-Naxçıvan”la səfər matçında qalib gələcəyi o qədər də inandırıcı görünmürdü. Jorj Kaşkilyanın komandasının ötən turda öz meydanında “Sumqayıt”a uduzması da bu cür düşünməyə əsas verirdi. Ancaq “İmişli” mövsümün əvvəlində qarşısına avrokuboklara çıxmağı hədəf qoyan “Araz-Naxçıvan”la dueldən qalib ayrılmağı bacardı. Dioqo Kardozunun yeganə qolu 3 xal üçün yetərli oldu. Bu qələbə sayəsində “İmişli” “Şamaxı” ilə arasındakı xal fərqini 3-ə endirdi. Bölgə təmsilçisinin mövsümün sonunadək turnir cədvəlində irəliləmək üçün real şansı var.
Turun məşqçisi
“Zirə” “Qəbələ” ilə ev oyununa yaxşı başlamasa da, ikinci hissədə özünə gələ bildi. Və bunda komandanın baş məşqçisi Rəşad Sadıqovun etdiyi əvəzetmələr mühüm rol oynadı. 60-cı dəqiqədən etibarən heyətdə dəyişikliklərə əl atan 44 yaşlı mütəxəssis bunun bəhrəsini gördü. Təsadüfi deyil ki, “Zirə”nin 78-ci dəqiqədə vurduğu qələbə qolunun müəllifi 73-cü dəqiqədə meydana daxil olan Junior Martins, assist edən isə 60-cı dəqiqədə oyuna qoşulan Anatoli Nuriyev oldu. Vaxtında doğru əvəzetmələr edərək “Zirə”nin xal itkisinə imkan vermədiyi üçün Rəşad Sadıqovu “turun məşqçisi” adına layiq bildik.
Turun futbolçusu
“Neftçi”nin yarımmüdafiəçisi Freddi Varqas “Karvan-Yevlax”la səfər matçında meydanın ən yaxşısı idi. Venesuelalı futbolçu ilk hissədə İmad Faraja qol ötürməsi verdi. 56-cı dəqiqədə isə Varqas özü estetik qol vuraraq matçda yekun hesabı müəyyənləşdirdi. “Ağ-qaralar”ın “10 nömrəsi” meydanda olduğu 64 dəqiqə ərzində 1 qol + 1 assistlə yadda qaldığı üçün onu “turun futbolçusu” adına layiq hesab etdik. Düzdür, bu tur “Kəpəz”in oyunçusu Rauf Hüseynli aktivinə iki qol yazdırdı. Ancaq onun hər iki qolu penaltidən vurması seçimimizə təsir etdi.
Turun qapıçısı
Bir vaxtlar böyük gələcək vəd edən, millinin əsas qapıçısı olan Emil Balayev bu tur gənclik illərini xatırlatdı. “Neftçi”nin 32 yaşlı qolkiperi “Karvan-Yevlax”la görüşdə yaxşı seyvlərlə yadda qalmağı bacardı. Qol buraxmayan Emili növbəti turlarda da meydanda görə bilsək, bu, yığma komandamızın qapı xəttindəki rəqabətinə də müsbət təsir edər.
Turun qolu
30-cu turda baxımlı qollar çox oldu. Ancaq “Qarabağ”ın üzvü Leandro Andradenin “Turan-Tovuz”a cərimə zərbəsindən vurduğu qol daha gözəl alındı. Digər “Qarabağ”lı Mateus Silvanın fərqləndiyi epizodda topun rəqib futbolçuya dəyərək istiqamətini dəyişməsi, “Turan Tovuz”lu Ayxan Hüseynovun uzaq məsafədən zərbəsi zamanı Mateuş Koxalskinin üstünə gələn topa reaksiya verə bilməməsi, Freddi Varqasın qolunda isə rəqibin səviyyəsini nəzərə alaraq Andradeni ön plana çıxartdıq.
Turun avtoqolu
Hesabat turunda bir avtoqol qeydə alındı, onun da müəllifi “Kəpəz”in qapıçısı Yusif İmanov oldu. “Sumqayıt”ın legioneri Nikola Ninkoviçin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top dirəyə dəysə də, qayıdan top Yusifin əlinə toxunaraq qapıdan keçdi.
FƏRİD






