“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyonun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz” üzərində 2:1 hesablı çətin qələbə qazandınız…
– Dediyiniz kimi, çətin qələbə oldu. Çünki rəqib yaxşı heyətə malikdir, güclü komandadır. Birəbir mübarizələrdə onlara qarşı oynamaq asan deyil. Buna baxmayaraq, qələbəyə layiq idik.
– 21-ci turdan təxirə salınmış matçda “Neftçi”yə 1:2 uduzduqdan sonra ikincilik mübarizəsinin daha çətin olacağı mənzərəsi yaranmışdı. Bu oyundan öncə üzərinizdə təzyiq hiss edirdiz?
– Bu matçın həlledici olduğunu düşünmürəm. Çünki qarşıda daha 3 oyun var. Bütün oyunları udacağımız halda 2-ci yerdə olacağıq. Kimsə də zəmanət vermir ki, qarşıdakı oyunların hamısında qalib gələcəyik.
– “Qarabağ”ın baxımlı oyun oynaya bilməməsi də çox müzakirə olunur. Elə “Neftçi”yə məğlubiyyət, “Turan Tovuz” üzərində çətin qələbədən sonra da bu barədə danışılır…
– İki oyun öncə “Neftçi”yə 5 qol vurmuşduq. Amma deyirsiz ki, baxımlı oynamırıq.
– Söhbət son iki matçdan gedir…
– Futboldur və burada daim eyni tempdə oynamaq, mübarizə aparmaq çətindir. Mövsümün sonuna qədər eyni cür oynamaq asan deyil. Enişli-yoxuşlu günlərin olmasını normal hal sayıram.
– Kamilo Duran və Kadi Borgesin olmaması işinizi çətinləşdirdi?
– Hər iki oyunçu kifayət qədər keyfiyyətlidir. Onların komandamıza xeyri var. Amma onlarsız da işimizin öhdəsindən gələ bildik.
– Növbəti oyun səfərdə “Qəbələ”yə qarşıdır. Onlara da xal lazımdır. Çətin olacaq?
– Çox rəqabətli oyun olacaq. “Qəbələ” yaxşı komandadır, güclü mübarizə aparır. Amma biz bu oyuna yaxşı hazırlaşacağıq.
– Mövsüm sona yaxınlaşır və son zamanlarda sənə təkliflər olması ilə bağlı çoxlu xəbərlər gördük. Xüsusən Braziliya klublarından maraq olduğu yazılırdı. Təkliflər var?
– Bu cür şeyləri agentimin ixtiyarına buraxmışam. Özüm o məsələlərlə məşğul olmuram. Amma mənim üçün, “Qarabağ” üçün uyğun bit təklif olarsa, bu barədə danışmaq mümkündür.
CAVAD






