UEFA Millətlər Liqasının ən aşağı divizionu olan D Liqasına yuvarlanan millimiz payız aylarında qarşılaşacağı Litva və Lixtenşteyn yığmaları ilə oyunlar üçün hazırlıq mərhələsinə start verir. Komandamız həmin rəqiblərin “dilini tuta bilsin” deyə məhz onlara oxşar komandalarla yoldaşlıq oyunları keçirəcək.  Rəqiblər isə Malta ilə San-Marino milliləridir.

Malta da bizim kimi D Liqasında mübarizə aparacaqsa, San-Marino daha yuxarı divizionda, yəni C Liqasında öz gücünü sınayacaq. Daha doğrusu, biz düşdüyümüz halda, onlar qalxmağı bacarıb. Təbii ki, bu komandalarla yoldaşlıq görüşləri millimizin gücünə güc qatmayacaq. Burada qalib gəlsək, əhval-ruhiyyəmiz yüksək olacaq, uğursuzluqla üzləşsək, sadəcə oyun ritmini qoruyub saxlayacaq və əgər-əskiklərimizi görəcəyik.

Yoldaşlıq görüşü olduğundan “cırtdan” rəqiblərin təhlilinə ciddi ehtiyac yoxdur. Heç məşqçilər heyəti belə Malta və San-Marino futbolçularının güclü və zəif cəhətlərini xətkeş dəqiqliyi ilə ölçüb-biçməyəcək. Əsas komandamızın necə oynayacağı və hansı sxemə üstünlük verəcəyidir. Ona görə də bizim də Malta və San-Marino komandalarının təhlilinə geniş diqqət ayırmağımız məqsədəuyğun olmazdı. Amma istənilən halda, onların hazırkı heyəti və durumuna qısa nəzər salmaq pis olmazdı.

Əvvəlcə, iyunun 5-də Macarıstanın Sombatxey şəhərində oyun keçirəcəyimiz maltalıların heyətinə nəzər salaq.  Bu komandanın 48 yaşlı italiyalı baş məşqçisi Emilio De Leo əsasən yerli çempionatın oyunçularına üstünlük verib. Xüsusən də bu komandanın müdafiə xətti əsasən Malta liqasında mübarizə aparan oyunçulardan qurulub.

Qapı “Hamrun Spartans”ın 37 yaşlı “çərçivə qoruyucusu” Henri Bonelloya həvalə olunub. 2012-ci ildən yığmaya dəvət alaln Bonello bu günə qədər 75 dəfə millinin heyətində meydana çıxıb. Komandanın heyətində İngiltərənin “Çesterfild” klubunun 19 yaşlı qapıçısı da var ki, o hələ millidə siftəni etməyib.

Müdafiə xəttində yalnız 1 legioner həyatı yaşayan futbolçu var ki, o da Portuqaliyanın “Çaves” klubunun 32 yaşlı oyunçusu Zak Musatdır. Bu futbolçu son 6 ildə demək olar ki, Portuqaliyanın ortabab komandalarında çıxış edib. Yalnız ötən il Türkiyədə 15 matçda “Şanlıurfaspor”un formasını geyinib.  Millinin digər təcrübəli müdafiəçilərinə gəlincə, bu mənada “Marsaşlokk”dan Enriko Pepe, yerli “Hibernian”dan Kurt Şou və “Slima Uonderers”dən Jan Borqu nümunə gətirə bilərik. Bu futbolçulardan yalnız Pepe uzun müddət İtaliyada “özünə gün ağlaya bilib”.

Yarımmüdafiə xəttində xarici ölkələrdə top qovan 3 oyunçuları var. Bunlar Belçikanın “Standard” klubunda çıxış edən Teddi Teuma, İtaliyanın “Torino” komandasında forma geyinən Keyon Evurum və elə bu ölkənin “Kosenza”sında top qovan Kevin Kannavodur. Amma 19 yaşlı Evurum ümumiyyətlə A Seriyası klubunda meydana çıxmayıbsa, Kannavo B Seriyasında 4 qol vurmağı bacarıb. Təbii ki, yarımmüdafiə xəttinin lideri də millinin heyətində 5 qol vuran Teumadır. Bu ildən “Standard”da çıxış edən bu futbolçu Fransada “Bulon” və “Reyms” kimi klublarda ad çıxarıb. O həmçinin 4 il ərzində Belçikanın “Yunion Sen Jilluaz” klubunda da məşhurlaşıb.

Elə hücum xəttində də 3 legioner həyatı yaşayan futbolçu var. Bu mənada Yunanıstanın “Kaliteya” klubunun 24 yaşlı üzvü Aleksander Satarianonu fərqləndirə bilərik. Hərçənd o, ötən ilə qədər Malta çempionatında oynayıb.  Son 4 ildə İsveçrənin “Sion” klubunda çıxış edən İlyas Şuarefi də diqqət mərkəzində saxlamaq lazımdır. Bu futbolçu ümumiyyətlə Malta futbolunun yetirməsi deyil. Fransanın Şatoru şəhərində dünyaya gələn və bir tərəfi mərakeşli olan bu futbolçu məhz “Şatoru” klubunda da ucala bilib. O, hətta Fransanın U-19 millisində də 1 oyunda meydana çıxıb. İngiltərərənin “Ridinq” klubunda top qovan 21 yaşlı Basli Tuma da hələ indi-indi özünü göstərməyə başlayıb.  Buna baxmayaraq, o, hələ millisinin heyətində 8 oyuna qol vura bilməyib. Bu mənada maltalıların hücum xəttinin lideri 28 yaşlı Yozef Mbonqdur. Hazırda “Hamrun Spartans”ın şərəfini qoruyan qaradərili futbolçu yığma komandada 73 oyuna 4 qol vurub.

Maltalıların hazırkı çıxışına gəlincə, bu komanda keçirdiyi son 4 oyunda məğlubiyyət acısı yaşayıb. Bizim milli ilə oyundan əvvəl Slovakiya yığmasına 90+7-də buraxdıqları qolla 1:2 hesabı ilə uduzublar.  Ümumiyyətlə, bu komanda belə desək, dirəşkənliyi ilə seçilir. Məsələn, dünya çempionatının seçmə mərhələsində evdə Polşaya çətin anlar yaşadıb (2:3), səfərdə isə Finlandiya seçməsini 1:0 hesabı ilə məğlub ediblər.

Onu da xatırladaq ki, millimiz bu komandanı son 4 oyunda məğlub edə bilmir. Hətta 2022-ci ildə keçirdiyimiz son oyunda onlara 0:1 hesabı ilə uduzmuşuq da…

Mayın 9-da yenə Sombatxeydə qarşılaşacağımız San-Marino millisindən isə çox danışmağa dəyməz. Avropa futbol tarixinin ən zəif komandası ilə matçda millimizin o qədər də ciddi problemlə üzləşəcəyini düşünməyə dəyməz. Hərçənd, bu komanda Millətlər Liqasının ötən tsiklində Cəbəllütariq və Lixtenşteyn komandalarından üstün olaraq daha yuxarı diviziona qalxmışdı. Amma dünya çempionatının seçmə mərhələsindən başlayaraq ona “həyatı başa saldılar”.  Təsəvvür edin ki, Andorraya qarşı son yoldaşlıq oyununu nəzərə almasaq (0:0),  İtaliyanın daxilindəki anklav ölkənin komandası son 12 oyunda uduzub.

Heyətlərinə gəlincə, əsasən İtaliyanın aşağı (hətta həvəskar) liqalarında oynayan futbolçuları çoxluq təşkil edir. Millinin heyətində ən məhsuldar futbolçuları hücumçu Nikola Nannidir. İtaliyanın “Artsinyano” komandasında forma geyinən 26 yaşlı forvard 2018-ci ildən millidə keçirdiyi 54 oyuna 4 qol vurub.

Yeri gəlmişkən, San-Marino millisinin baş məşqçisi italiyalı Roberto Çevolidir.  57 yaşlı mütəxəssis ölkəsinin “Montsa” və “Reccina” kimi komandalarını, hətta bir müddət Albaniya “Teuta”sını çalışdırıb.

Görək, “cırtdanlar”la oyunda millimiz necə təsir bağışlayacaq. Ayxan Abbasovun komandaları həmişə rəqibə görə oyun qurub, daha çox əks-hücuma bel bağlayıb. Qarşıdakı rəqiblərlə oyunda isə biz dominant futbol oynamalıyıq. Abbasovun komandasını belə oyunlarda izləmək bizim üçün də maraqlıdır. Çünki belə futbolu oynamaq daha çətindir…

TAHİR MİRZƏ

Shares: