“Karvan-Yevlax”dan ayrılan Füzuli Məmmədovun futbolinfo.az saytına müsahibəsi
– “Karvan-Yevlax”la əməkdaşlığınız başa çatdı. Klub rəhbərliyi sizə yeni müqavilə təklif etmişdi? Nədə anlaşa bilmədiniz ki, ayrıldınız?
– Bundan sonra Yevlax klubuna uğurlar arzu edirəm. Mövsümün gedişatında da danışığımız olmuşdu, rəhbərlik mənimlə yola davam etmək istəyirdi. Həmin vaxt bütün diqqətim oyunlarda olduğuna görə, bu məsələni sezonun sonuna saxlamışdım. Mövsüm bitəndən sonra görüşümüz oldu, müzakirə etdik. Amma bir neçə məsələdə fikirlərimiz uyğun olmadığına görə, qərara aldıq ki, ayrılaq.
– “Karvan-Yevlax”a mövsümün gedişində gəlmişdiniz, ancaq komandanı Premyer Liqada saxlamaq alınmadı. Bunun səbəbini nədə görürsünüz? Sizcə, sezonun əvvəlindən komandaya rəhbərlik etsəydiniz, Yevlax təmsilçisi elitada qala bilərdi?
– Komamdanı qəbul etdiyim zaman əsas diqqətim qış fasiləsindən maksimum istifadə etmək idi. Məndən öncə 12 xarici və 15 yerli futbolçu transfer edilmişdi. Ümumilikdə 27 oyunçu komandanın qeydiyyatından keçmişdi. Bilirsiniz ki, bir mövsümdə toplam 30 oyunçu qeydiyyatdan keçirmək olar və yaxud əvəzedici komanda olmalıdır ki, o komandaya futbolçuları qeydiyyatdan keçirib, əsas komandaya götürə biləsən. Təəssüflər olsun ki, mən qış “transfer pəncərəsi” zamanı cəmi 3 yerli futbolçu götürə bildim. Halbuki planda 1-2 legioner olmaqla, 5-6 oyunçu nəzərdə tutulmuşdu. Qış dönəmində oyunçu transfer etmək çox qəliz məsələdir, bütün futbolçuların öz klubları ilə müqavilələri olur. Bu baxımdan istədiyim planı həyata keçirə bilmədim. Komandada olan futbolçularla yola davam etməliydim. Hər məşqçi öz planına, sisteminə uyğun oyunçular dəvət etmək istəyir. Təbii ki, mövsümün əvvəlindən komandada olsaydım, hər şey fərqli alınardı. Bunu əminliklə deyə bilərəm.
– Mövsümün gedişində sizi ən çox hansı oyun məyus etdi?
– Mövsüm boyu çox oyun oldu ki, xırda səhvlər üzündəndən qələbədən olduq və ya xal itirdik. Məsələn, “Neftçi” ilə ilk ev matçımızda son dəqiqələrdə kiçik səhv üzündən 1 xal əlimizdən getdi. “Zirə” ilə evdəki görüşdə də çox yaxşı oynamışdıq, amma son dəqiqələrdə xırda səhvdən qol buraxdıq. Belə oyunları çox sadalamaq olar.
– Gələcək planlarınız nədən ibarətdir? Hazırda baş məşqçi axtarışında olan Premyer Liqa təmsilçilərindən sizinlə danışıq aparan varmı?
– Hər zaman planlı yanaşmağa üstünlük verirəm. Hazırda danışıq apardığım klub var, amma bu haqda məlumat vermək istəmirəm. Çünki danışıqlar rəsmiləşməyə də bilər. Rəsmiləşdiyi zaman məlumat olacaq.
– “Karvan-Yevlax”ın 1 ildən sonra Premyer Liqaya qayıtmaq ehtimalını necə dəyərləndirirsiniz?
– Bilirsiniz ki, Premyer Liqada oynamaq üçün önəmli faktorlardan biri infrastrukturdur. “Karvan-Yevlax”ın yaxşı infrastrukturu var. Rəhbərlik futbol üçün hər cür şərait yaradıb. Bu, yenidən Premyer Liqaya yüksəlmək üçün önəmli addımdır. Təbii ki, komanda 1 ildən sonra elitaya qayıda bilər.
CAVAD






