“Təlim-məşq toplanışı yaxşı atmosferdə keçir. Hamı çalışır və maksimumunu verir. Məqsədimiz hər iki oyunda qalib gəlməkdir”. Bunu futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadə deyib.

26 yaşlı yarımmüdafiəçi Avstriyada keçirilən təlim-məşq toplanışından danışıb. O, rəqibləri Malta və San-Marinonun zəif olmadığını, bu görüşlərin Millətlər Liqasına hazırlıq baxımından faydalı olacağını bildirib: “Bu, yanlış fikirdir. Oynayacağımız millilər zəif deyil. Son vaxtlar heç də pis futbol göstərmirlər. Bu iki komanda əvvəlki təlim-məşq toplanışındakı rəqiblərdən daha güclüdür. Düşünürəm ki, bu oyunlar bizə kömək edəcək. Bunlar faydalı yoxlama oyunlarıdır”.

Əhmədzadə hazırda başqa təkliflərinin olmadığını söyləyib: “Hazırda “Sumqayıt”la daha bir illik müqaviləm var. Mənə heç kim heç nə təklif etməyib”.

Qeyd edək ki, Azərbaycan – Malta oyunu bu gün saat 22:00-da Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək.

Shares: