Avrokubokların yeni mövsümü ərəfəsində keçirilən püşkatma mərasimi Azərbaycan klubları üçün kifayət qədər uğurlu alındı. Əlbəttə, Avropada zəif rəqib anlayışı artıq əvvəlki qədər aktual deyil və hər bir komanda müəyyən təhlükə yarada bilər. Lakin püşkün nəticələrinə nəzər saldıqda görünür ki, həm “Qarabağ”, həm “Sabah”, həm də “Neftçi” və “Zirə” daha çətin variantlardan yayına biliblər. Mövcud reallıqda bütün təmsilçilərimizin növbəti mərhələlərə yüksəlmək üçün real imkanları var.

“Sabah”ın qarşısında tarixi fürsət

Çempionlar Liqasının I təsnifat mərhələsi: TNS (Uels)

Püşk “Sabah” üçün mümkün variantlar arasında ən münasiblərdən birini gətirib. TNS Uels futbolunun son illərdəki dominant komandası sayılsa da, bu klubun avrokuboklarda ciddi uğurları yoxdur. Komanda əsasən ölkədaxili yarışlarda üstünlük nümayiş etdirir və Avropa səhnəsində daha güclü rəqiblərlə qarşılaşanda çətinlik yaşayır.

“Sabah” isə son illərdə Azərbaycan futbolunda sabit inkişaf yolu keçib. Komandanın heyətində legionerlərin sayı kifayət qədərdir. Klubun maliyyə imkanları, infrastruktur bazası və çempionatın səviyyəsi də TNS ilə müqayisədə üstün görünür. Bu baxımdan “Sabah”ın ilk mərhələni keçməsi normal nəticə kimi qəbul edilməlidir.

Çempionlar Liqasının II təsnifat mərhələsində mümkün rəqiblər: Vardar (Şimali Makedoniya) – KuPS (Finlandiya)

Bu cütdə favorit kimi “KuPS” göstərilsə də, hər iki komanda “Sabah”ın keçə biləcəyi rəqiblər sırasındadır. “Vardar” Balkan futbolunun tanınmış adlarından biri olsa da, klub son illərdə əvvəlki gücünü itirib. Bir vaxtlar Avropa Liqasının qrup mərhələsinə yüksələn şimali makedoniyalılar hazırda həmin səviyyədən uzaq görünürlər.

“KuPS” daha oturuşmuş və nizamlı komandadır. Finlandiya futbolu son illərdə müəyyən inkişaf göstərsə də, “KuPS”un heyəti Avropa miqyasında elit və ya yüksək səviyyəli hesab edilmir. “Sabah” ilk mərhələni uğurla keçərsə, bu rəqiblərə qarşı da şanslarını ən azı bərabər qiymətləndirmək mümkündür. Doğrudur, “KuPS” “Sabah”la müqayisədə avrokuboklarda əsas mərhələyə qədər yüksələ bilib, amma “Qarabağ”ı üstələyib çempion olan komanda üçün finlər problem olmamalıdır.

Konfrans Liqasının II təsnifat mərhələsində mümkün rəqiblər: Flora (Estoniya) – İberiya 1999 (Gürcüstan)

Çempionlar Liqasındakı uğursuzluq ssenarisində belə, “Sabah” üçün yol tam bağlanmır. “Flora” Baltik regionunun ən təcrübəli klublarından biri sayılsa da, Avropada çox uzağa gedə bilməyən komandadır. “İberiya 1999” isə Gürcüstan futbolunun yüksələn komandalarından biridir. Bununla belə, nə “Flora”, nə də “İberiya 1999” Azərbaycan təmsilçisi üçün qorxulu rəqib təsiri bağışlayır. Mövcud heyət potensialı ilə “Sabah” hər iki komanda üzərində üstünlük qurmağa qadirdir.

“Qarabağ” üçün ideal ssenari

Avropa Liqasının I təsnifat mərhələsi: Vestri (İslandiya)

Azərbaycan klubları arasında ən uğurlu püşk bəlkə də “Qarabağ”a qismət olub. “Vestri” Avropa futbolunda ciddi çəkisi olmayan komandadır. İslandiya futbolunun müəyyən inkişafı danılmazdır, lakin “Vestri” nə heyət keyfiyyətinə, nə də beynəlxalq təcrübəyə görə “Qarabağ”la müqayisə oluna bilər. İslandiyanın I Liqasında oynayırlar, nədən qorxuruq?

Qurban Qurbanovun komandası  hər il avrokubokların qrup mərhələsində oynayır, ötən mövsüm Çempionlar Liqasının əsas mərhələsində belə uğurlu çıxış edərək pley-offa yüksəlib. Belə təcrübəyə malik kollektiv üçün “Vestri” səddinin aşılması formal xarakter daşımalıdır. Bu cütdə “Qarabağ”ın favoritliyi müzakirə mövzusu belə deyil.

Avropa Liqasının II təsnifat mərhələsində mümkün rəqiblər: ÇSKA Sofiya (Bolqarıstan) – Derri Siti (İrlandiya)

Bu mərhələdə müəyyən çətinliklər yarana bilər. Xüsusilə ÇSKA (Sofiya) adı müəyyən ehtiyatlılıq tələb edir. Bolqarıstan təmsilçisi zəngin tarixə malik olsa da, son illərdə Avropada ciddi nəticələr qazana bilməyib. Klubun əvvəlki nüfuzu ilə hazırkı gücü arasında böyük fərq var.

“Derri Siti” isə döyüşkən kollektiv kimi tanınır, lakin fərdi keyfiyyət baxımından “Qarabağ”dan geri qalır. Hər iki halda Azərbaycan çempionunun üstün tərəf olması şübhə doğurmur. Son illərdə Avropa nəhəngləri ilə oynayan və bəzən onları məğlub edən “Qarabağ” üçün bu komandalar maneə hesab edilə bilməz.

Konfrans Liqasında mümkün rəqiblər: Qlentoran (Şimali İrlandiya) – RFŞ (Latviya)

Burada ən çətin variant RFŞ sayıla bilər. Latviya klubu son mövsümlərdə müəyyən irəliləyiş əldə edib və avrokuboklarda diqqət çəkən nəticələr göstərib. Bununla belə, “Qarabağ”ın təcrübəsi, oyun sistemi və heyət keyfiyyəti RFŞ-dən də üstündür. “Qlentoran” isə daha münasib rəqib hesab olunur. Ümumilikdə “Qarabağ”ın yolu kifayət qədər açıq görünür.

“Neftçi” üçün münasib başlanğıc

Konfrans Liqasının II təsnifat mərhələsində mümkün rəqiblər: Dinamo Minsk (Belarus) – Sileks (Şimali Makedoniya)

İkinci mərhələdən mübrizəyə başlayacaq “Neftçi” üçün püşk qənaətbəxş sayıla bilər. Potensial rəqiblər arasında ən ciddi variant Minsk “Dinamo”sudur. Belarus çempionatı son illərdə müəyyən rəqabət qabiliyyətini qoruyub saxlayır və “Dinamo” avrokubok təcrübəsinə malik komandadır.

Bununla belə, “Neftçi” heyət dəyəri, futbolçu potensialı və avrokubok təcrübəsi baxımından rəqiblərindən geri qalmır. Əksinə, komanda optimal formasını tapsa, “Dinamo” üzərində də favorit ola bilər. Nəzərə alaq ki, Yuri Vernidub Soliqorsk “Şaxtyor”unu çempion edən adam kimi “Dinamo”nu 5 barmağı kimi tanıyır.

“Sileks” isə kağız üzərində daha münasib variantdır. Şimali Makedoniya klubu avrokubokların daimi iştirakçısı deyil və “ağ-qaralar” belə rəqibi keçməyə borcludur.

“Zirə”nin də şansları yüksəkdir

Konfrans Liqasının I təsnifat mərhələsi: Torpedo (Kutaisi, Gürcüstan)

İlk baxışdan “Zirə” üçün ən çətin püşk məhz bu görünə bilər. “Torpedo” Gürcüstanın köklü klublarından biridir və son illərdə ölkə futbolunun inkişafı fonunda müəyyən irəliləyiş əldə edib.

Ancaq “Zirə” artıq avrokubokların təcrübəsiz komandası deyil. Komanda ötən mövsümlərdə Avropa səhnəsində kifayət qədər vacib oyunlar keçirib. Rəşad Sadıqovun rəhbərliyi altında formalaşan sistemli oyun üslubu “Zirə”yə belə rəqiblərə qarşı üstünlük qazandıra bilər. Bu cütdə balans bərabərə yaxın olsa da, Azərbaycan klubunun şansları daha yüksək görünür.

Konfrans Liqasının II təsnifat mərhələsində mümkün rəqiblər: Hegelmann (Litva) – Payde (Estoniya)

Əgər “Zirə” ilk mərhələni keçərsə, növbəti raund da münasib görünür. “Hegelmann” Litva futbolunun orta səviyyəli klublarıdır. “Payde” isə Estoniya çempionatında çıxış etsə də, Avropada böyük təcrübəyə malik deyil. Hər iki komanda keçilə bilən rəqiblərdir və “Zirə” bu mərhələdə favoritlərdən biri sayılmalıdır.

Nəticə etibarilə, püşkatmanın yekunları Azərbaycan futbolu üçün kifayət qədər ümidverici görünür. Ən rahat vəziyyət “Qarabağ”ın payına düşsə də, “Sabah”, “Neftçi” və “Zirə” də ciddi maneələrlə üzləşməyiblər. Təbii ki, futbol sürprizlərlə zəngindir və heç bir rəqibi kiçiltmək olmaz. Ancaq mövcud reallıq, heyət potensialı, beynəlxalq təcrübə və son illərin nəticələri göstərir ki, Azərbaycan klubları bu püşkdən maksimum yararlanmalıdır və ən azı bir neçə mərhələ irəliləmək üçün bütün imkanlara malikdirlər. Yəni, bəhanəyə yer yoxdur.

Bu komandalara məğlubiyyət aşkar uğursuzluq sayılacaq. Klublarımızın maddi imkanları rəqiblərindən üstündür. Pul varsa, yaxşı komanda qurmağa və mərhələ keçməyə borcludurlar!

TAHİR MİRZƏ

Shares: