“Sabah”, “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı rəqibləri çox rahatdır. Təkcə “Zirə”nin işi çətin olacaq”. Bunu “Futbolinfo”ya açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Mütəxəssis qitə yarışlarında “Sabah”la “Qarabağ”ın ilk rəqiblərini münasib hesab edir: “Hələ hazırlaşmaq üçün vaxt var. Xarici komandalarda dəyişikliklər çox olur. Düşünürəm ki, “Sabah” və “Qarabağ”a uyğun rəqiblər düşüb. Hətta Ağdam təmsilçisinin rəqibi “Vestri” aşağı liqada mübarizə aparır. Hər iki komandanın gücünü nəzərə alsaq, rahatlıqla keçə biləcəkləri rəqiblərdir. Buna baxmayaraq, təmsilçilərimiz rəqiblərini ciddi qəbul etməlidirlər. Hesab edirəm ki, hər iki komanda bu mərhələni sakit və rahat şəkildə keçəcək”.

Diniyev “Zirə” ilə bağlı fərqli fikirdə olduğunu bildirir: “Zirə” üçün “Torpedo” daha çətin rəqibdir. Gürcüstan klubları əsasən öz futbolçularına güvənsə də, düşünürəm ki, bərabər səviyyəli komandalar qarşılaşacaq. Şansları bərabər dəyərləndirərdim. Çünki Rəşad Sadıqovun komandasında ayrılanlar çox oldu. “Turan Tovuz”un yerinə avrokuboklarda çıxış etdiyindən heyəti yenidən tez-tələsik formalaşdırmalı olacaqlar”.

Diniyevin fikrincə, “Neftçi” heyəti gücləndirərsə, Avropada yaxşı nəticələr əldə edəcək: “Düşünürəm ki, “Neftçi” potensial rəqiblərindən səviyyə baxımından daha üstündür. Ona görə də paytaxt təmsilçisinin mərhələ adlamaq şansları yüksəkdir”.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsində Uelsin TNS klubu ilə qarşılaşacaq. “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. “Zirə” UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo” ilə, II mərhələdən mübarizəyə qoşulacaq “Neftçi” isə “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Shares: