Beynəlxalq Avtomobil Federasiyası (FİA) son 10 ilin ən yaxşı maliyyə nəticələrini açıqlayıb.
2025-ci maliyyə ili üçün FİA 6,7 milyon avro məbləğində mənfəət əldə edib ki, bu da 2024-cü illə müqayisədə 43% çoxdur və 2021-ci ildə qeydə alınmış 24 milyon avroluq əməliyyat zərəri ilə müqayisədə əhəmiyyətli irəliləyiş deməkdir. Əməliyyat gəlirləri isə 191,7 milyon avro təşkil edib ki, bu da 2021-ci maliyyə ilindən bəri 75% artım deməkdir.
“FİA prezidenti postunda ikinci müddətimin başlamasından sonra mən gəlirli və maliyyə baxımından dayanıqlı fəaliyyəti təmin etməyə çalışıram. Bu gün fəxr edirəm ki, FİA-nın son 10 ildəki ən yaxşı nəticəsinə nail olmaqla və 2021-ci ildən bəri əldə edilmiş mühüm irəliləyişlərə əsaslanaraq bu missiyanı yerinə yetirməyə davam edirik. FİA-nın idarəetməsinin, şəffaflığının və maliyyə sağlamlığının yaxşılaşdırılması mənim seçkiqabağı proqramımın əsas bəndi idi və biz təşkilatı daha dayanıqlı və peşəkar bir federasiyaya çevirdik.
FİA-da müsbət dəyişiklikləri stimullaşdırmaq, həmçinin klublarımız, çempionatlarımız, əməkdaşlarımız, eləcə də mobillik və avtomobil idmanı sahəsindəki qlobal icmalarımız üçün uzunmüddətli dəyər təmin etmək məqsədilə bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq etməyə davam edəcəyəm”, — deyə federasiyanın prezidenti Məhəmməd bin Sulayem bildirib.
