“Qarabağ”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi Kiyev “Dinamo”sunun Ukrayna Premyer Liqasının 3-cü turunda “Kolos”la ev oyunu təxirə salına bilər.
Futbolinfo.az xəbər verir ki, kiyevlilər bununla bağlı Ukrayna Futbol Assosiasiyasına müraciət edib.
Avqustun 6-da və 13-də “Qarabağ”la qarşılaşacaq “Dinamo” çempionatın növbəti turlarında avqustun 9-da “Veres”, 16-da isə “Kolos”la üz-üzə gələcək. Klub rəhbərliyi hesab edir ki, Bakı səfərindən sonra komandada yorğunluq yaranacaq. Çünki paytaxtımızdakı matçdan sonra “Dinamo” Polşlaya getməli, ardından Ukraynaya yollanmalıdır.
Milli assosiasiya avrokuboklardakı iştirakı nəzərə alaraq çempionatın təqvimdə dəyişiklik etməyi planlaşdırır. “Kolos”la matçın dekabrda keçirilməsi variantı müzakirə olunur.
Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək. Cavab matçı ayın 13-də Bakıda reallaşacaq.
