“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə qarşılaşmasını səbirsizliklə gözləyirik. Polşanın “Lex” klubunu səfərdə dramatik sonluqla məğlub edən Danimarka çempionu gözümüzdə xeyli ucalıb. Hər halda, onların evdə 1:4 hesabı ilə uduzmasından sonra Poznanda inanılması bacarması bir qədər həyəcanlanmağımız üçün təkan ola bilər.
Buna baxmayaraq, son illər ölkə çempionatının iddialı komandalarından biri kimi tanınan “Orhus” yay fasiləsində heyətində ciddi dəyişikliklər edib. Komandanın əsas oyunçularından bəzilərinin ayrılması, yeni futbolçuların uyğunlaşma prosesi və taktiki dəyişikliklər “Orhus”un əvvəlki mövsümlə müqayisədə daha fərqli görüntü sərgiləməsinə səbəb olub. Kağız üzərində keyfiyyətli heyətə malik olmasına baxmayaraq, Danimarka təmsilçisinin hazırkı durumundan “Sabah”ın istifadə edə biləcəyinə inam böyükdür.
Baş məşqçi Yakub Poulsen əsasən 3-4-3 taktiki sxeminə üstünlük verir. Komanda topa sahib olmağa, oyunu cinahlardan qurmağa və hücum zamanı müdafiəçiləri də irəli çıxarmağa çalışır. Lakin bu yanaşma top itkisindən sonra müdafiəyə qayıdışda müəyyən problemlər yaradır. Xüsusilə cinah müdafiəçilərinin irəli çıxması arxada boş zonaların yaranmasına səbəb olur ki, sürətli əks-hücumlar quran komandalar bundan yararlana bilir. Məhz bu amil “Sabah” üçün ən vacib üstünlüklərdən biri hesab oluna bilər.

Qapıda komandanın əsas seçimi təcrübəli Yesper Hansen olacaq. O, uzun illər yüksək səviyyədə çıxış etsə də, artıq 40 yaşını geridə qoyub və əvvəlki çevikliyini qorumaq asan deyil. Amma “Lex”lə ilk oyunda onun qırmızı vərəqə alması komandanı çətin vəziyyətə saldı. Ehtiyat qapıçı Mads Hedenstad Kristiansen etibarlı alternativ sayılsa da, avrokubok təcrübəsi baxımından Hansen qədər üstün deyil. Bu mövqedə təcrübə üstünlük olsa da, yaş amili “Orhus” üçün müəyyən risk yaradır. İndi görək, Poulsen bizimlə oyunda hansı qapıçıya şans verəcək?!
Müdafiə xəttində Frederik Tinqager komandanın əsas dayaqlarından biri olaraq qalır. Kolin Rösler və Tobias Mölqaard da fiziki cəhətdən güclü müdafiəçilərdir. Bununla belə, yayda Feliks Beymonun komandadan ayrılması müdafiənin balansına ciddi təsir göstərib. İsveçli mərkəz müdafiəçisi ötən mövsüm 38 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yanaşı, müdafiədə də komandanın ən sabit oyunçularından biri idi. Onun “Kopenhagen”ə keçidi liderlik baxımından da böyük itki sayılır. Henrik Dalsqardın karyerasını başa vurması isə sağ cinah müdafiəsində həm təcrübənin, həm də sabitliyin azalmasına səbəb olub. Ötən mövsüm 38 oyunda 2 qol və 3 məhsuldar ötürmə edən futbolçunun yoxluğu cinah müdafiəsində hiss oluna bilər.
Yarımmüdafiədə Kristian Arnstad, Nikolay Poulsen, Maqnus Knudsen, Markus Solbakken, Kevin Yakob və Yens Yönsson kifayət qədər işlək xətt formalaşdırırlar. Bu futbolçular topa nəzarət etməyi bacarsalar da, sürətli pressinq altında bəzən rahat oynaya bilmirlər. Xüsusilə oyunun tempi yüksəldikdə top itkilərinin sayı artır və müdafiə ilə yarımmüdafiə arasında boşluqlar yaranır. Bu isə rəqibə sürətli keçidlər üçün imkan yaradır. “Sabah”ın orta sahədə aqressiv pressinq tətbiq etməsi “Orhus”un oyun quruculuğunu poza biləcək amillərdən biridir.
Cinahlarda Gift Links komandanın ən təhlükəli futbolçularından hesab olunur. Cənubi afrikalı sürəti və fərdi keyfiyyəti ilə seçilsə də, komandanın hücumlarının böyük hissəsinin onun üzərindən qurulması rəqibin müdafiə planını poza bilər. Digər hücumçular Yanni Serra, Yussuf Badji, Tobias Beç, Ceyms Boqere və Sebastian Yörgensen fərqli xüsusiyyətlərə malik olsalar da, onların heç biri son mövsümlərdə sabit qol məhsuldarlığı ilə seçilməyib.

“Orhus”un ən böyük itkisi isə şübhəsiz Patrik Mortensenin gedişidir. Təcrübəli hücumçu ötən mövsüm 38 oyunda 11 qol vuraraq komandanın əsas bombardiri olmuşdu. “Bröndbü”yə keçidindən sonra cərimə meydançasında onun yoxluğu hiss olunur. Mortensen təkcə qolları ilə deyil, hava mübarizələrindəki üstünlüyü və hücum xəttində top saxlamaq bacarığı ilə də komandanın vacib fiqurlarından idi. Hazırkı heyətdə onun rolunu tam şəkildə əvəz edə biləcək futbolçu görünmür.
Yay transfer dövründə əsas heyətdən üç vacib futbolçunun ayrılması “Orhus”un həm müdafiədə, həm də hücumda əvvəlki sabitliyini zəiflədib. Yeni oyunçuların və mövcud heyətin bu boşluğu qısa müddətdə doldurması asan görünmür. Yakub Poulsenin qurmağa çalışdığı oyun sistemi perspektivli olsa da, müdafiədəki boşluqlar və heyətdəki dəyişikliklər hələ də komandanın zəif nöqtələri olaraq qalır.
Bütün bunlar göstərir ki, “Sabah” kifayət qədər ciddi rəqiblə üz-üzə olsa da, Danimarka təmsilçisi keçilməz komanda təsiri bağışlamır. Əgər Azərbaycan çempionu intizamlı müdafiə olunsa, orta sahədə pressinqi düzgün tətbiq etsə və “Orhus”un cinahlarda buraxdığı boşluqlardan yararlansa, növbəti mərhələyə yüksəlmək üçün real şans əldə edə bilər. Bu səbəbdən qarşıdakı iki oyun “Sabah” üçün son illərin ən əlverişli avrokubok imkanlarından biri kimi qiymətləndirilə bilər. Bircə ələ düşən şanslardan yararlanmaq lazımdır. KuPS-la Bakıdakı matçdakı kimi əldə etdiyimiz qol vəziyyətlərini boşa versək, “Zirə”nin “Payde” ilə iki matçdakı aqibəti ilə üzləşə bilərik. Sizi əmin edirəm ki, “Sabah” rəqibdən çəkinməsə, xeyli qol vəziyyəti yaradacaq.
TAHİR MİRZƏ