Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo həbsxanada çempion olduğunu və hədiyyə olaraq donuz aldığını xatırlayıb.
O, bu barədə Netflix-in “Yeganə və təkrarolunmaz” adlı sənədli filmində danışıb: “Futbol ayaqda qalmağa və baş verənlərdən fikrimi yayındırmağa kömək edirdi. Həbsxanada keçirilən turnirin finalında komandamız 11:2 hesabı ilə qələbə qazandı. Mən beş qol vurdum və altı məhsuldar ötürmə etdim. Mükafat olaraq isə bizə 16 kiloqramlıq donuz hədiyyə etdilər”.
Xatırladaq ki, futbolçu 2020-ci ildə saxta sənədlərlə ölkəyə daxil olmağa cəhd etdiyi üçün Paraqvayda həbs edilmişdi. Ronaldinyo xüsusi ciddi rejimli “Agrupación Especializada” həbsxanasında 32 gün keçirib. Daha sonra o, otelə ev dustaqlığına keçirilib və burada daha 4 ay qalıb. Nəticədə iş bağlanıb, lakin bu hadisə futbolçunun imicinə ciddi zərbə vurub.
