Mövsümün sonuncu “Böyük Dəbilqə” seriyalı turniri olan “US Open”də ilk mərhələnin oyunları keçirilir.
ATP reytinqində 6-cı pillədə qərarlaşan italiyalı Flavio Kobolli sıralamada 119-cu yeri tutan argentinalı Fransisko Komesanya ilə üz-üzə gəlib. 4 saat 14 dəqiqə davam edən görüşdə avropalı tennisçi xeyli çətinliklə üzləşib. İlk setdə 3:6 hesabı ilə məğlub olan Flavio ikinci bölümdə ümumiyyətlə 2 geym toplaya bilib. 3-cü hissədən etibarən italiyalı idmançı təşəbbüsü ələ alıb. O, əvvəlcə 6:3 hesabı ilə qalib gələrək fərqi minimuma endirib. Növbəti iki setdə Komesanyadan 6:4 hesabı ilə üstün olan Flavio kortu qalib kimi tərk edib.
Beləliklə, Kobolli karyerasında ilk dəfə “Böyük Dəbilqə” yarışında ardıcıl 2 setdə məğlub olduqdan sonra vəziyyəti xeyrinə dəyişib. Buna qədər o, 8 belə oyunun hamısında uduzmuşdu. Fransisko ilə qarşılşamada Flavio 18 dəfə breyk imkanı qazanıb və bunların cəmi 6-nı reallaşdıra bilib. Elə Komesanya da 6 dəfə breyk edib. Amma o, 19 dəfə servis qırmaq imkanına malik olub.
Reytinqdə 10-cu sırada qərarlaşan amerikalı Teylor Frits də 1/32 finala vəsiqə qazanıb. ABŞ təmsilçisi həmyerlisi Darvin Blanşın müqavimətini 1 saat 42 dəqiqə ərzində qırmağı bacarıb – 6:3, 6:2, 6:4. Görüş ərzində 14 eys edən Frits 4 dəfə də rəqibinin servis imkanını qırıb. Blanş isə bir dəfə də olsun breyk etməyib.
İtaliyalı Lorentso Muzetti britaniyalı Artur Ferini mübarizədən kənarlaşdırıb. Bu görüş də 3 set davam edib. İlk iki hissədə 6:3 hesabı ilə qalib gələn Muzetti son bölümdə 7:5 hesabı ilə uğur qazanıb.
