Mövsümün nüfuzlu velosiped yarışı olan “Vuelta”da 10-cu mərhələ geridə qalıb.
Bir günlük istirahətdən sonra iştirakçılar İspaniyanın Alkaras ilə Elçe de la Syerra məntəqələri arasında 184,7 km məsafəni qət edib. Gərgin mübarizə şəraitində keçən yarışda qalib fotofinişlə müəyyənləşib.
“Groupama” komandasında çıxış edən fransalı Bastien Tronşon 4 saat 7 dəqiqə 41 saniyəlik göstərici ilə birinci olub. Onunla eyni nəticə göstərməsinə baxmayaraq “Uno-X Mobility” kollektivinin danimarkalı velosipedçisi Maqnus Kort 2-ci olub. “Lidl – Trek” komandasında çıxış edən belçikalı Tibo Nis 3-cü yerlə kifayətlənib.
Birincilik uğrunda mübarizədən kənarda qalmasına baxmayaraq, “Movistar” komandasının ispaniyalı üzvü Enrik Mas şəxsi birincilikdə liderliyini qoruyub. O, hazırda 32 saat 41 dəqiqə 44 saniyəlik göstərici ilə ilk sırada qərarlaşıb. “Red Bull”un sloveniyalı təmsilçisi Primoj Roqliç liderdən 1 dəqiqə 18 saniyə geridə qalaraq 2-ci sıradadır. İlk “üçlüy”ü isə “Decathlon” komandasının avstriyalı üzvü Feliks Qall tamamlayır.
