Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) paraatletika üzrə yeni istedadların aşkar edilməsi və əlilliyi olan şəxslərin idmana cəlb olunması məqsədilə Açıq Qapı Günü təşkil edəcək.

Futbolinfo.az xəbər verir ki, sentyabrın 17-də Bakı Atletika Mərkəzində saat 12:00-dan 14:00-dək keçiriləcək tədbirdə 12–17 yaş aralığında olan iştirakçılar paraatletikanın qaçış, uzunluğa tullanma və nüvə itələmə növləri üzrə öz bacarıqlarını sınamaq, eləcə də mütəxəssislərin nəzarəti altında ilkin qiymətləndirmədən keçmək imkanı əldə edəcəklər.

Tədbirdə qolun dirsəkdən aşağı və ya yuxarı hissəsinin inkişafdan qalması yaxud amputasiyası, aşağı ətrafın inkişafdan qalması və ya amputasiyası, görmə məhdudiyyəti, cırtdanboyluluq və serebral iflici olan 12–17 yaşlı şəxslər iştirak edə bilərlər.

Milli Paralimpiya Komitəsi bu təşəbbüslə paraatletikanın kütləviləşdirilməsini, yeni istedadların üzə çıxarılmasını və gələcəkdə milli komandanın heyətinə cəlb oluna biləcək perspektivli idmançıların ehtiyat bazasının formalaşdırılmasını hədəfləyir.

Shares: