Türkiyənin “Beşiktaş” klubunun müdafiəçisi İbrahim Toramanın “Xəzər Lənkəran”da oynaması böyük ehtimalla baş tutmayacaq. Futbolinfo.az xəbər verir ki, yayda baş məşqçi Slaven Biliç tərəfindən komandadan uzaqlaşdırılan Türkiyə millisinin sabiq üzvü bağışlanıb.
 
Türkiyə mətbuatının yaydığı məlumata görə, Biliç İbrahim Toramanla Sezer Öztürkün komandaya qayıtmasına razılaşıb. Belədə, bu iki futbolçunun İstanbul klubundan ayrılması ehtimalı azalıb.
 
Xatırladaq ki, bu iki futbolçu oktyabrda Xorvatiyanın “Hayduk” klubu ilə yoldaşlıq matçında bir-biri ilə dalaşdığı üçün transferə çıxarılmışdı. Mustafa Dənizlinin "Xəzər Lənkəran"a gəlişindən sonra isə Toramanın cənub klubuna keçidi gündəmə gəlmişdi.
Shares: