Yerli futbolçuların qıt olduğu bir vaxtda onların öz qiymətlərini qaldırması başadüşüləndi. Səviyyəli oyunçuların azlığı, üstəlik, legionerlərə qoyulan qiymət yerlilərin dəyərlərini yüksək tutmasına səbəb olub.
Elə bu üzdəndi ki, xüsusilə milli komanda üzvlərinin qiyməti ceyran belindədi. “Bakı”dan hansı səbəbdən qovulduğu araşdırılmayan Kamran Ağayev də bu üzdən çox rahatdı. Qapıçı arxayındı ki, səviyyəli yerli oyunçu qıtlığı və legionerlərə qoyulan limit üzündən ona istədiyi pulu verən “həriflər” tapılacaq. “Bakı”dan 2 gündü qovulmasına baxmayaraq, artıq bir neçə komanda ona ağılasığmaz məbləğlər təklif edir.
Vaxtilə “Xəzər Lənkəran” yerli futbolçuların qiymətinin süni şəkildə artırılmasında böyük rol oynayırdısa, son illər “Bakı” bu mənada seçilirdi. İndi isə “Qəbələ” yerli bazarda dəbi müəyyənləşdirir. Baş məşqçi Yuri Syominin istədiyi futbolçuları rəhbərliyə aldırması isə onun marağında olduğu oyunçuların fürsətdən yararlanmasına şərait yaradır. Müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olan, mövsümün ilk yarısını isə “Qəbələ”də keçirən Elnur Allahverdiyev də fürsətdən yararlanmaq istəyənlərdəndi. İcarə müqaviləsi bitdiyi üçün Cənub klubuna qayıtmalı olan müdafiəçi məhz Syominin tələbi ilə Qəbələdə saxlanılıb. Mustafa Dənizlinin də arzuladığı oyunçu yaxşı pulların xərcləndiyi bir yerdən problemlə ayrıldığı Lənkərana qayıtmaq istəmir.
Yayda XL-lə anlaşması bitəcək oyunçu elə bu üzdən indidən “Qəbələ” ilə tam əsaslı müqavilə bağlamaq istəyir. Amma əyalət klubunun təklif etdiyi illik 350000 dollar onu qane etmir. Elnur baş məşqçi tərəfindən israrla istənildiyini bildiyindən 450000 dollar tələb edir. Bu isə transferin yubanmasına səbəb olur. Allahverdiyev əksər yığma oyunçularının – Mahir Şükürov, Rauf Əliyev, Əfran İsmayılov və başqalarının bu məbləğə oynadığını nəzərə alaraq inadından dönmür. Ustəlik, yaxınlarda transfer olunan Rafael Santos üçün yarım milyondan çox xərclənməsi də xüsusi rol oynayır. “Qəbələ”nin Syominlə Elnurun tələbinə boyun əyəcəyi, yoxsa öz şərtlərini diqtə edəcəyinə tezliklə şahid olacağıq.





