Bir neçə gün öncə "Bakı" futbolçularının üzərində siqaret qutusu olan masa arxasında əyləşdikləri foto ilə sizi tanış etmişdik. Rəhbərliyində kimin hansı postu tutmasının dəqiq olmadığı paytaxt təmsilçisində futbolçuların intizamsız olması diqqətçəkən məqamlardandı. Düzdü, biz yayımlanan fotoda məhz Kamran Ağayevin siqaret çəkməsini qeyd etməmişdik. Sadəcə, həmin qutunu Kamranın qarşısına kimin atdığının marağında idik.
 
Bunun üçün də bu gün sözügedən futbolçu ilə əlaqə saxadıq. Ağayevdən öncə transferə çıxarılması ilə bağlı fikirlərini öyrənmək istəsək də, o, telefonla açıqlama vermədiyini bildirdi. Saytımızın adın bir daha soruşan Ağayev "hə, mənim siqaretlə olan şəkilimi yayan sayt? Açıqlama verməyə ehtiyac yoxdu" deyərək telefonu qapadı.
 
Ölkənin bir nömrəli qapıçısı qeyd edir ki, mən telefon ilə açıqlama vermirəm, görüşək fikrimi bildirim. Maraqlıdı ki, həmin foto yayıldıqdan bəri Kamran az qala idman mətbuatının yarıdan çoxuna irili-xırdalı açıqlamalar, müashibələr verib. Maraqlıdı, doğrudan da Kamran bu qədər açıqlamalar vermək üçün hər jurnalistlə görüşübsə, o, buna necə vaxt tapıb? Axı məntiqlə bu, çox mümkünsüz bir məsələdi. Görünür, "İstəsəm mal da vuraram, araq da içərəm" kimi açıqlamalar verən qapıçı "Bakı"da qazandığı pullarla özünə təyyarə alıb. Ağayev yalnız bu cür işıq sürəti ilə həmkarlarımızla görüşüb açıqlamalar verə bilər. Çünki, tıxacı ilə məhşur olan paytaxtımızda 5 dəqiqəlik yol 1 saata qət olunur.
 
Sonda daha bir məqamı vurğulamaq istərdik. Görəsən, biz yazıda bütün futbolçuların adını çəkdiyimiz halda, yalnız Kamranın daha çox canfəşanlıq göstərməsinə səbəb nədi? Olmaya doğrudan da həmin siqaret qutusu elə millimizin qapıçısına məxsus olduğu üçün onu belə çox qəzəbləndirib?
Shares: