Türkiyənin PTT 1-ci liqasında 2 həftəlik qış fasiləsi başa çatıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının forvardı Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" 2014-cü ilin ilk oyununu keçirib. Ordu təmsilçisi "Adanaspor"u qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç ilin ilk matçında start heyətində yer alıb. Serb əsilli futbolçumuz 83 dəqiqə oynayıb və Reha Kurt tərəfindən əvəzlənib. "Orduspor" 19 oyundan sonra 39 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Azərbaycanlı qapıçı Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor” ötən gün növbəti matçına çıxıb. Komandanın baş məşqçisi Engin İpekoğlu Kərimlinin adını oyunun iştirak ərizəsinə daxil etməyib. 90 dəqiqənin sonunda 3 xal qazanan tərəf "Fəthiyəspor" olub – 4:0. Bu qələbədən sonra Kəriminin komandası 17 xalla 16-cı pilləyə yüksəlib.
Saşa Yunisoğlunun da komandası növbəti matçını keçirib. "Dənizlispor" doğma azarkeşlər önündə "Qaziantep BB" klubunu sınağa çəkib. Saşa start heyətində meydana çıxıb və 90 dəqiqə komandasının qələbəsi üçün çalışıb. Lakin matçın sonunda komandalar bir xalla kifayətlənməli olub – 1:1. Beləliklə, 19 turdan sonra "Dənizlispor" 19 xalla 15-ci pillədə qərarlaşıb.
Andrey Popoviçin şərəfini qoruduğu "Tavşanlı Linyitspor" da növbətini matçını keçirib. Komanda "Balıkesirspor"la münasibətlərinə aydınlıq gətirib. Popoviçin adı iştirak ərizəsinə salınmayıb və "Tavşanlı" doğma azarkeşlər önündə qapısından 2 cavabsız top buraxıb. Popoviçin komandası 12 xalla 18-ci pillədə qərarlaşıb və autsayder "Kahramanmaraşspor"u bir pillə qabaqlayır.





