Türkiyəyə yollanan “Neftçi” hazırlıqlarını Antalyada davam etdirir. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"ın bu gün baş tutmuş səhər məşqini Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da izləyib.
 
Məşqdən sonra klub rəhbərliyi ilə almaniyalı mütəxəssis arasında görüş keçirilib. Görüşdə Berti Foqts “Neftçi”nin yerli futbolçularla bağlı strategiyasını alqışladığını bildirib. Gənc futbolçulara şans verilməsini yüksək qiymətləndirən almaniyalı məşqçi gəncləşdirmə siyasətinin yaxın gələcəkdə milli komanda üçün də çox faydalı olacağını qeyd edib. Daha sonra Berti Foqts komandanın baş məşqçisi Böyükağa Hacıyevlə birgə milliyə namizəd futbolçularla bağlı müzakirələr aparıb.
 
Qeyd edək ki, Berti Foqts “Neftçi”nin yanvarın 15-də “Partizani” (Albaniya), 18-də isə “Fənərbaxça” (Türkiyə) klubları ilə yoldaşlıq oyunlarını izləyəcək.
 
Xatırladaq ki, Foqts Antalyada olduğu müddətdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli, “Simurq”un baş məşqçisi Ceorgi Çixradze və Türkiyənin “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla da görüşmüşdü. O, bu gün Bakı vaxtı ilə saat 18.00-da keçiriləcək “Qəbələ” – “Tobol” (Qazaxıstan) qarşılaşmasını da izləyəcək. 
Shares: