Futbol üzrə Azərbaycan millisinin hücumçusu Cihan Özkara Almaniya mətbuatına müsahibəsində 2013-cü ilin ən yaxşı futbolçusu haqdakı fikri barədə danışıb, yığmamızın baş məşqçisi Berti Foqtsun keyfiyyətlərini qiymətləndirib və Portuqaliyaya qarşı oyunu xatırlayıb. Futbolinfo.az Türkiyənin "Sivasspor" klubunun hücumçusu ilə müsahibəni diqqətinizə çatdırır.
– Bu yaxınlarda Kriştianu Ronaldo 2013-cü il üçün “Qızıl top”u aldı. Bildiyiniz kimi, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts portuqaliyalıya səs vermişdi. Yığmanın kapitanı Rəşad Sadıqov isə Frank Riberiyə. Siz kimi seçərdiz?
– Ronaldo və Riberi iki fərqli oyunçudu. Ancaq bu dəfə Ronaldo bu ada daha layiq idi. Belə olan halda, mən Foqtsun seçimində onunla həmrəyəm.
– Nə vaxtsa, Foqts özü dünya futbolunun “ulduzu” olub. Bəs o, məşqçi kimi necədi?
– O, nəinki yaxşı məşqçi, həm də gözəl insandı. Onunla bir komandada işləməkdən şad və qürurluyam. Buna görə də Azərbaycan yığmasında işləməyə davam edəcəyini eşidəndə, sevindim.
– Milli komandada Ronaldoya qarşı oynamaq sizə də müyəssər olub…
– Təsnifat mərhələsində Portuqaliya yığmasına qarşı səfər oyununda mən bir qədər həyəcanlı idim. Axı onunla bir meydanda oynayırdım. Ancaq start fitindən sonra diqqətim oyunumuza cəmlənmişdi.
– Portuqaliyalıya qarşı şəxsən mübarizə aparmaq sizə nəsib olub?
– Özü də necə! Standart vəziyyətlər zamanı Ronaldonu “bağlamaq” tapşırığım vardı. Bu anlarda düzgün vəziyyət seçmək lazım idi. Başla oynamaq üçün Ronaldonu itələmək lazım gəlirdi. Belə itələşmə oyunun bir hissəsidi. Yoxsa onu dayandıra bilməzsən. Sən onun oyununu əzbər öyrənə bilərsən. Hər bir oyunçu onun nə edəcəyini bilir. Ancaq meydanda o, öz fəndlərini işə sala bilər və səndən elə qaçar ki, heç nə edə bilməzsən. Onda biz 0:3 məğlub olduq. Ancaq Ronaldo qol vura bilmədi. Bu tapşırıq yerinə yetirilmişdi.





