Futbol üzrə Azərbaycan çempionatının 2013/14-cü il mövsümü bitməsə də, klub rəsmiləri indidən təşviş içindədi. Buna səbəb isə ötən il avqust ayının 14-də AFFA-nın İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlardan biridi. Belə ki, 2014/15 mövsümündən etibarən komandalar meydanda 6 (legioner) + 5 (yerli) sistemi ilə mübarizə aparmalılar. Həmçinin də bu yerli futbolçulardan 2-nin 21 yaşlı olması mütləq kimi göstərilir. Düzdü, əvvəlcə bu qərarı bir o qədər önəm verməsələr də, zaman keçdikcə İK-nın bu qərardan geri addım atmaması klubları təşvişə salıb.
Bu qərardan narahat olanlar da var. Əvvəlcə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu qərara etiraz etmişdisə, növbədi dəfə "Xəzər Lənkəran"ın baş məşqçisi öz narazılığını gizlətmədi. Dənizlinin bu narazılğını saytımıza verdiyi müsahibədə də görmək olar: "Aldığımız iki futbolçu daha çox limitə hesablanıb. Çünki meydanda 21 yaşlı futbolçu olmalıdı. Əslində, limit məsələsini də müzakirə etmək lazımdı. Azərbaycan futboluna nə qazandırır, nə qazandırmır – bunu hərtərəfli ölçüb-biçmək vacibdi. Biz istədiyimiz futbolçuları almamışıq".
Mustafa bəy məşqçilik karyerasında qazandığı nailiyyətlərə görə Azərbaycanda fəaliyyət göstərən ən titullu mütəxəsissdi. Onun bu qərarı normal qarşılaya bilməməsi də başadüşüləndi. Çünki, o cənub təmsilçisini aşağı pillələrdən qurtarmaq üçün vəzifələndirilib. Gəlin, qəbul edək ki, bizim bəzi klublarımızda məşqçi amili bir o qədər də rol oynamır. Yuxardan tapşırıqlar, flankəsi oynatma, digərini meydana daxil et və s. Buna siz zaman-zaman şahid olmusuz.
Qərarın qəbul edilməsində məqsəd futbolumuzun inkişafına yardım etməkdi. Klub rəsmiləri də hər zaman futbolumuzun inkişafı, uşaq futbolunun canlanmasını əldə bayraq edirlərsə, bu narazılığı heç də anlamaq olmur. Premyer Liqada çıxış edən hər bir klubun əvəzedicinin heyəti olması hər kəsə bəllidi. Hətta əvəzedici heyətlər arasında çempionat da keçirilir. Görəsən, belə bir məqamda klub rəhbərləri, eləcə də məşqçilər əvəzedici heyətdə çıxış edən futbolçulara bel bağlamırlarsa, ikinci komandanı niyə saxlayırlar? Yoxsa, doğurdanmı klublar biznes mərkəzidi? Və yaxud, əsas heyətdə oynanılması nəzərdə tutulan 21 yaşlı 2 futbolçunun alt yapıdan üzə çıxarılması bir o qədərmi çətindi?
Milli çempionatın keçirilməsində məqsəd yığma komandaya futbolçuların hazırlanmasıdı. Bu qərarın qəbul edilməsi də futbolumuzun gələciynə hesablanıb. Keçmişdə olanlar isə adından bəlli olduğu kimi keçmişdə qalmalıdı. Artıq gələcəyə baxmağın zamanıdı. "Xəzər Lənkəran"ın sabiq məşqçisi Con Toşak vaxtıkən AZAL-dan transfer etdikləri Junior Nildonun əsas heyətdə bəh-bəhlə oynadırdı. Məşqçinin işinə qarışmaq kimi olmasın, görəsən, heç cür oyunu alınmayan, kef-damaqdan qalmayan Nildonun əvəzinə meydana gənc və daha istəkli Kazım Kazımlını buraxmaq olmazdımı? Düzdü, onun təcrübəsizliyi ön plana çıxır. Bəs bu gənc futbolçular harada təcrübə qazanmalıdı? Ehtiyat oyunçular skamyasına "prapiska" olmaqla?
Vaxtında klubların əvəzedici heyətlərində gənc kadrların üzə çıxarılması naminə iş getsə idi, indi kimlərsə həyəcanla İK-nın qərarını geri götürməsini arzu etməzdilər. Bəlkə də əvəzedici heyətdə çıxış edən futbolçularının 20-dən cəmi 1-nin Araz Abdullayev, Əfran İsmayılov, Qara Qarayev olacağı ümidi ilə yaşayırlar. Əslində klublarda vəzifə başında oturan insanlar futbolumuzun inkişafı üçün çalışdıqlarını zənn edirlər. Misal üçün "Bakı" klubu. Ağız dolusu Fransada, İpaniyada gördüyü işlərdən danışırlar. Az qala qeyd etməyə çalışırlar ki, "Lans"ın 1-ci liqaya qayıtmaq üzrə olması Azərbaycan futbolunun inkişafının göstəricisidi. Bu doğurdan da belədirsə, bəs "Bakı"nın ikinci komandası niyə əvəzedicilər çempionatında 8-ci yerdədi? Yerli futbolçuların yetişməməsi səbəbi, "Bakı" legioner çoxluğu daha çox göz önünə gəlir. Əslində bu kluba "Bakı" yox, "olimpiya kəndi" adı versək, daha yaxşı olar.
Eyni şey "Xəzər Lənkəran" üçün də keçərlidi. Eləcə də "Qarabağ" üçün. Gəlin baxaq görək bu gün çempionluq uğrunda mübarizə aparan komandanın əvəzedici heyəti turnir cədvəlində neçəndi yerdədi? "Bakı"dan bir addım öndə olsa da, eyni problem baxımından ondan geri qalmır. Gənc futbolçuların yetişdirmək üçün adımların ləng atıldığı bir vaxtda, məhz bəzi futbolçularımızın da yekəxanalığı artıq başadüşüləndi. Çünki o qədər ölkəmizdə yerli futbolçu qıtlığı var ki, bəzən yox, elə hər zaman futbolçuların ərköyünlyünə göz yumulur.
EMİN SƏFƏROV





