Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşündə Almanyanın "Velbert" klubunu minimal hesabla məğlub etməyi bacaran "Simurq" hazırlığı davam etdirir. Futbolinfo.az xəbər verir ki, ötən gün iki məşqə çıxan Zaqatala təmsilçisi səhər çalışmalarında əsasən taktiki və texniki tapşırıqları yerinə yetirib.
 
Qaçış və isinmə hərəkətləri ilə başlayan məşqdə daha sonra iki qrupa bölünən futbolçular müdafiə və hücumların təşkilindən ibarət təmrinləri yerinə yetirib. Sonda isə qapıya zərbələr yerinə yetirilib. Axşam çalışmalarında isə komanda isinmə hərəkətlərindən sonra qısa ötürmələrdən ibarət tapşırıqları yerinə yetirib. Daha sonra ikitərəfli oyunla və qapıya zərbələrlə hazırlığı tamamlayıb.
 
Bu çalışmalarda U-21-ə çağrılan Murad Səttarlı və "Velbert"lə oyunda zədələnən İlkin Qırtımov iştirak etməyib.
 
Qeyd edək ki, "Simurq" bu gün Antalya hazırlığı çərçivəsində növbəti yoldaşlıq görüşünə çıxmalıdı. Komandanın rəqibi Rumıniyanın "Vasluy" klubu olacaqdı. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürməliydi. Lakin son məlumatlara görə, "Vasluy" bu oyundan imtina edib. Bu üzdən "Simurq"un hansı komanda ilə qarşılaşacağı hələlik bəlli deyil.
Shares: