Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun formasını geydiyi Rusiyanın "Rubin" klubu bu gün Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Kazan təmsilçisinin rəqibi Türkiyənin "Kayserispor" klubu olub.
Qarşılaşma həmyerlimizin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Abışov meydana start heyətdə çıxıb. Yeni baş məşqçi Rinat Bilyaletdinov fasilədə heyəti bütünlüklə dəyişsə də, yalnız yığmamızın üzvünə ikinci hissədə də oynamaq şansı yaradıb. O, görüşün 65-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Rubin" bu gün daha bir sınaq matçı keçirəcək. Abışovun komandasının bu dəfəki rəqibi Almaniyanın "Dinamo" (Drezden) klubu olacaq. Bu komandanı yığmamızın sabiq məşqçi Olaf Yansenin çalışdırdığını da əlavə edək. Qarşılaşma 21:30-da start götürəcək.





