Antalyada hazırlıqları davam etdirən “Xəzər Lənkəran” baxışa yeni futbolçu dəvət edib. Futbolinfo.az xəbər verir ki, “ağ yaşıllar” makedoniyalı Deyan Blajevski ilə maraqlanır.
Onun yaxın günlərdə düşərgəyə gələcəyi bildirilir. Baxışdan uğurla keçəcəyi halda, onunla müqavilə imzalancaq.
Qeyd edək ki, makedoniyalı forvard karyerasına 2006-cı ildə “Pelister” klubunda başlayıb. 2008-ci ilə qədər bu klubun şərəfini qoruyan oyunçu 12 dəfə fərqlənə bilib. 2008-ci ildə isə legioner həyatı yaşamağa başlayan Blajevski Yunanıstanın “Asteras” klubuna keçib. 2 il bu klubun uğurları üçün tər tökən vinger 63 dəfə forma şansı qazanıb və cəmi 8 dəfə rəqiblərini məyus edə bilib. 2010/11 mövsümünü “Veria”da keçirən futbolçu 28 matçda 2 qol vurub. Növbəti mövsümdən isə o, “Pierikos Katerini” klubunun uğurları üçün çalışıb. Burada isə Blajevski 31 oyunda cəmi 2 dəfə rəqib qaplarına yol tapıb. 2012-ci ildən “Turnovo”da oynayan hücumameyilli yarımmüdafiəçi 50 oyunda 36 dəfə fərqlənib.
2 dəfə Makedoniya millisinin də formasını geyinən futbolçu yığma komanda da 1 qol vurmağı bacarıb.





