“Sumqayit”ın yarımmüdafiəçisi Uğur Pamukun futbolinfo.az saytına müsahibəsi
– Hazırda hardasız?
– Bu gün (dünən – red.) məşqimiz yoxdu. İstirahətdəyik.
– “Sumqayıt”da işləriniz necə gedir?
– Yaxşıdı. Hazırlaşırıq. 11 gündü məşqlərimizi davam etdirik. Gündə iki dəfə məşq keçirik.
– “Xəzər Lənkəran”dakı karyeranız niyə uğurlu alınmadı?
– Mən Karles Bakesin zamanında “Xəzər Lənkəran”a getdim. O, mənim oynamağımı istəyirdi. Özü seçmişdi. Hər futbolçunun arsuzudu ki, belə böyük bir komandada oynasın. Bu komandanın çox güclü azarkeş ordusu var. Yeni gələndə oynayırdım. “İnter”ə qarşı oyunda meydana çıxdım və qol da vurdum. 3-4 ay sonra məşqçi dəyişdi. Toşak gələndə hər şey yenidən başladı. Bu, hər yerdə belədi. Yeni məşqçi gələndə hər şey təzədən başlayır.
– Toşakin zamanında ancaq əvəzedici heyətdə oynadız. Onun karyeranıza zərbə vurduğunu demək olar?
– Yox, zərbə vurduğunu deməzdim. Onun zamanında da 2-3 dəfə oynadım. “Kəpəz” və “Rəvan”la oyunlarda meydana çıxdım. Kubokun finalında “Neftçi”yə qarşı meydanda oldum. “Fənərbaxça”ya qarşı yoldaşlıq oyununda meydana çıxdım. Hayfa “Makkabi”sinə qarşı da oynadım. Bütün bunları nəzərə almaq lazımdı. Amma ola bilsin ki, Toşak onun oyun taktikasına uyğun futbolçu olmadığımı düşünürdü. Məsələn, “Fənərbaxça”ya qarşı çox yaxşı oynamışdım. Ən son “Sumqayıt” və “Qəbələ”yə qarşı oynadım. Ondan sonra 3-4 ay əsas heyətdə forma şansı görmədim. Bu da mənə pis təsir edirdi. Bir az formadan düşdüm.
– Bəs, Mustafa Dənizlinin sizinlə söhbəti oldumu?
– Dənizli və Oğuz Çətin Türkiyənin ən yaxşı məşqçilərindəndi. Onlarla məşqlərdəkindən başqa söhbətim olmadı. "Sumqayıt"a icarəyə gəlməyim yaxşı oldu. Özümü göstərib yenidən qayıtmaq haqqında düşünürəm. Mən bilirəm ki, “Xəzər Lənkəran”a layiq futbolçuyam. Çünki ora transfer olunanda özümü sübut edib getmişdim. Sadəcə, orada nəsə alınmadı, qayıtmalı oldum. Yenə özümü göstərib, ora geri dönəcəm. Həm burada formamı bərpa edəcəm, həm də "Xəzər Lənkəran"a xeyir verəcəm.
– “Xəzər Lənkəran”da hansısa problem olmadı?
– Yox, heç kim düşünməsin ki, mənim orada problemim olub, ona görə icarəyə gəlmişəm. Mənim o klubla heç bir problemim yoxdu. Hər şey yüksək səviyyədə idi. Hər kəsə təşəkkür edirəm. Xüsusən də mənə dəstək olduqlarına görə, Rahid Əmirquliyevə, Elnur Abdullayevə, Rasim Ramaldanova, Ağabala Ramazanova, Tural Cəlilova təşəkkürmü bildirirəm. Mənə çox kömək etdilər.
– Dənizli sənin komandada qalmağını istəmədi?
– İnanıram ki, geri qayıdacam. Onunla bu barədə danışmadıq. Mən ora qayıdacağımdan əminəm.
– “Sumqayıt”ın Premyer Liqada vəziyyəti pisdi…
– Onunla razıyam. Amma inanıram ki, biz bu vəziyyəti geridə qoyacağıq. “Qəbələ”, AZAL və “Rəvan”la oyunlarda maksimum xal yığıb davam etmək istəyirik.
– “Xəzər Lənkəran”dan qayıdıb “Sumqayit”da oynamaq sizdə motivasiya baxımından problem yaratmayacaq?
– Yox, problem olmayacaq.
– Bir vaxtlar “Sumqayıt”da oynayarkən milli komandaya da çağrlımışdız. Burada oynayıb yenə yığmaya dəvət almaq fikriniz varmı?
– Milli komandada oynamaq hər bir futbolçunun xəyalıdı. İnanıram ki, burada oynadıqdan sonra yenidən milli komandaya çağrıla bilərəm. Bunun üçün hər matçda sabit oynamağım lazımdı. Bu, asan olmayacaq. Amma biz bunu bacaracağıq. Həm komandama da çox kömək etməliyəm.
– Berti Foqts “Rəvan”, AZAL və “Sumqayıt” kimi komandaların oyunlarını izləmədi. Sizcə, bu, düzgün idimi. Bu komandalar zəif adlandırıldığından onların heyətində milliyə layiq futbolçu yoxdumu?
– Məncə, çempionat başlayanda o, digər oyunlara da baxacaq. “Sumqayıt”da milli futbolçuları var. U-21-də çıxış edən nə qədər futbolçumuz var.
– Axı toplanışda da izləməli idi. Belə deyil?
– Bunu Foqtsdan soruşun.
– “Xəzər Lənkəran” sizi icarəyə verərəkən başqa komandalardan təklif olmadı?
– Yox.
– “Sumqayıt”a geri döndüyünüz üçün üzülürsüz, ya sevinirsiz?
– Yox, sevinirəm. Mən "Xəzər Lənkəran"a buradan getmişdim. Bura mənim evim kimidi.
ELSEVƏR





