Topaz Premyer Liqasının 20-ci turunda "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Neftçi"ni qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, "Böyük oyun"u Rəhim Həsənov idarə edəcək.
 
Premyer Liqanın 14-cü turunda "İnter"lə qarşılaşmadan sonra "ağ-qaralar" gənc referinin idarəçiliyindən narazı qalmışdı. Bu səbəbdən bu təyinatla bağlı "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun fikirlərini öyrəndik:
 
"Təyinatlarla tanışıq. Premyer Liqanın 14-cü turu çərçivəsində "İnter"lə (3:1) "Şəfa" stadionunda keçirilən oyundan sonra biz Rəhim Həsənovun səhvlərini sübuta yetirmişdik. Həmin görüşdə rəqib komandanın ən azı 2-3 futbolçusu qırmızı vərəqə ilə meydandan qovulmalı idi. Lakin Flavinyo bu cəzayla üzləşdi. Bizim üçün oyunu kimin idarə etməsinin fərqi yoxdu. Yeganə istəyimiz obyektiv idarəçilikdi. Obyektiv idarəçilik olacaq, alqışlayacağıq, olmayacaq, yenə haqqımızı tələb edəcəyik. Mənə maraqlıdı ki, psixoloji baxımdan Flavinyo meydanda Rəhim Həsənovu görəndə necə davranmalıdı ki,  o, həm futbol oynasın, həm də vərəqə almasın. Bu da bir aparıcı futbolçumuzun meydanda tək oyunu yox, hakimi də fikirləşməsi anlamına gəlir. Bu barədə futbolçularla söhbətimiz olacaq və Flavinyo da psixoloji baxımdan hazır olacaq. Mən onun oyundakı vəziyyətini təsəvvür edirəm".
Shares: