Dünən baş tutan "Xəzər Lənkəran"la "Neftçi" arasındakı "Böyük oyun"dan sonra qonaqların vitse-prezidenti Tahir Süleymanov ciddi ittihamlarla yadda qaldı. İttihamlardan biri də “Qəbələ” – “Qarabağ” oyunununu idarə edən gənc referi Əliyar Ağayevin "ağdamlıların ştatdankənar və qanuni hakimi" olduğunu deməsi idi.
"Qarabağ" rəsmilərinin bu ittihama cavab verməsi gözlənilən idi. Ağdamlıların icraçı direktoru Əmrah Çəlikəl saytımıza açıqlamasında Süleymanovun ittihamlarına belə münasibət bildirib:
"Xeyir ola Tahir Süleymanov "Neftçi"nin uğursuzluğuna görə "Qarabağ"ı günahkar hesab edir? Biz eyni camiədə fəaliyyət göstəririk. "Neftçi" hər kəsin hörmət etdiyi klubdu. O cümlədən bizim də. Ancaq biz heç bir uğursuzluğumuzda deməmişik ki, "Neftçi" onu, bunu etdi. Ümumiyyətlə, "Neftçi" klubunun çox hörmətli prezidenti var. Sadıq Sadıqova hörmətimiz böyükdü. Baş məşqçilərinə də hörmətimiz var. Ancaq Tahir Süleymanov kiçik bir uğursuzluqda bilmir ki, nədən yapışsın, kimdə günah axtarsın. Biz bunu heç cür qəbul etmirik. "Qəbələ"ilə matçda "Neftçi"yə qarşı nə şuarlar olubsa, bunların hamısı bilavasitə Tahir Süleymanovun fəaliyyəti ilə bağlıdı. Oyunçunun azarkeşlərə göstərdiyi jestə heç cürə haqq qazandırmaq olmaz. Biz hər zaman demişik ki, futbolçu olmamışdan qabaq, yaxşı insan olmağı bacarmalısan. Tahir bəyin açıqlamalarını çox üzülərək oxudum. Demək istəyirəm ki, hər kəs, eləcə də Tahir Süleymanov öz işi ilə məşğul olsun. "Qarabağ"ı öz fəaliyyəti ilə birləşdirmək lazım deyil. Bizim öz yolumuz var. Bizi tanıyanlar yaxşı bilir ki, nə ştatla, nə də ştatdankənar hakim işlədirik. Bunu Azərbaycan da, Tahir Süleymanov da, azarkeşlərimiz də çox gözəl bilir. Ondan xahiş edirəm ki, "Qarabağ"ı öz fikirlərinə daxil etməsin. Öz işi ilə məşğul olsun".
Qeyd edək ki, Əliyar Ağayev cari mövsümdə "Qarabağ"ın 6 oyununu idarə edib. Ağdamlılar Ağayevin idarə etdiyi matçlarda məğlub olmayıblar. 5 görüşdə qələbə qazanan "atlılar", 1 görüşdə isə meydandan sülhlə ayrılıblar. Ağayev cari çempionatda “Qəbələ”nin 7 oyununu idarə edib ki, bu matçlarıdan 3-də qələbə qazanan "qırmızı-qaralar", 4 dəfə də məğlubiyyətlə barışmalı olub.
EMİN SƏFƏROV





