"Bakı"nın hücumçusu Rauf Əliyevin Futbolinfo.az saytına müsahibəsi
– "Simurq"la oyun haqda nə deyə bilərsiz?
– Zaqatalada bizə çətin olacağını bilirdik. Bu səbəbdən "Simurq"la oyuna yaxşı hazırlaşmışdıq. Əsas odu ki, qolu tez vura bildik və qələbə qazandıq. Səfərdə qol vurmaq daha yaxşıdı. Get-gedə atmosfer, təzyiq, azarkeşlər bizə rəqib meydanda çətinlik yaradırdı.
– Qol vurduqdan sonra komanda müdafiəyə oturdu. Baş məşqçinin tapşırığı belə idi, ya rəqib sizi buna məcbur etdi?
– Oyun belə gətirdi. Çünki rəqib çox təzyiq göstərirdi. Fikirləşirdik ki, hər dəqiqə qol buraxa bilərik.
– Oyun vaxtı meydanda bəzi epizodlar oldu ki, əsəblərinizi cilovlaya bilmədiz. Həmişəki kimi bu dəfə də emosional davrandınız. Bunun səbəbi nədi?
– Əvvəlkilərə baxanda artıq sakitləşmişəm. Çalışıram sakit oyun oynayım. Bu oyunda 1-2 epizod olardı ki, etirazımı bildirdim. Amma bəzi epizodlar olur ki, o zaman hissləri cilovlamaq olmur.
– Hələ dekabr ayının ən yaxşısı müəyyən edilməyib. Komanda yoldaşlarınızdan kimləri layiq bilirsiz?
– Dəqiq həmin ayın gedişatı yadımda deyil. Amma kim layiqdisə, o da seçilsin.
– Mindauqas Kalonas və Kamran Ağayevin gedişi "Bakı"ya necə təsir edəcək?
– Həqiqətən Kamrana görə təssüflənirik. Azərbaycanın ən güclü qapıçısıdı. Onun olmaması problem sayıla bilər. Amma Aqil Məmmədov həqiqətən də onun yerini doldurmağa çalışır. Bu, futboldu, belə şeylər olur.
– Bəs Kalonas necə? Yadınızdadısa, ayın oyunçusunun mükafatlandırma mərasimində Kalonasın ittihamlarına cavab olaraq "biz qruplaşma yaratmırıq" demişdiz…
– Bu mövzunun üzərində çox dayandılar. Mən klubun nə məşqçisiyəm, nə də rəhbərliyi. "Bakı"da çox gözəl kollektiv var. Bu mehribanlığı qorumağa çalışırıq. Amma o, yeganə insan idi ki, komandada heç kimlə yola gedə bilmirdi. Məncə, problemi özündə axtarmalı idi.
– Əfran İsmayılovla uşaqlıqdan bir yerdəsiz. "Qarabağ", "Bakı", milli komanda, hətta dominoda da bir olursuz… (Həmin vaxt bir neçə futbolçu qatarda domino ilə başlarını qatırdı)
– Uşaqlıqdan bir yerdə böyümüşük. Futbola da bir yerdə başlamışıq. Bir insanı həm meydanda, həm kənarda başa düşmək yaxşıdı.
– Amma futbolda olduğu kimi dominoda bir-birinizi başa düşə bilmirsiz. Məğlub oldunuz..
– Yox, elə deməzdim. Birinci dəfə idi ki, məğlub olduq. Həmişə udmuşuq (gülür).
– Zaqatala təəssüratınız necə oldu?
– Maraqlı oldu, qatarla gəldik, qatarla da gedirik. Qalib gələndən sonra nə ilə gedib-gəlməyin əhəmiyyəti yoxdu.
– Avtomobiliniz hansı markadı?
– Mustang.
– "Mustang"ı qatara dəyişərsiz?
– Qatar versinlər mənə? (gülür)
– Amma hazırda "Mustang" yoxdu və qatarla gedirsiz…
– Düzdü indi qatarla gedirik. Gələndə də belə gəlmişdik. Nə bilim..
– "Xəzər Lənkəran" – "Neftçi" oyunundan xəbəriniz var?
– Hesabı uşaqlar dedi mənə. Oyun 2:2 qurtarıb.
– Gələn tur "Neftçi" ilə qarşılaşacaqsız və rəqibinizin heyətində 3 oyunçu qırmızı vərəqə alıb…
– Yox mən elə deməzdim. "Neftçi"nin güclü heyəti var. Onlarda bir futbolçu komanda yoldaşını əvəz edə bilir. Onlar da birinci yer uğrunda mübarizə aparır. Biz də bu qələbələrin davamını gətirmək istəyirik. İnşallah, yaxşı olar.
– Milinko Pantiç komandaya yeni gələndə uğur qazana bilmirdi. Elə indi də çoxları onun ciddi uğur qazanacağını düşünmür…
– Baş məşqçimizə inanıram. O, kluba gələndə heyət də başqa idi, futbolçular bir-birini başa düşmürdü. Getdikcə irəliləyiş hiss olunur.
– Mart ayında millinin toplanışı olacaq. Sizcə, çempionatın qızğın məqamında bu toplanışa ehtiyac var?
– Belə baxanda hər şey milli üçündü. Əsas millinin nəticəsidi. Əgər belə məsləhət görülübsə, deməli xeyri olacaq.
RÖVŞƏN ƏHLİMANOĞLU, Bakı-Zaqatala-Bakı





