“Qəbələ”nin hücumçusu Viktor Mendinin futbolinfo.az saytına müsahibəsi
 
– “Qarabağ”a məğlub oldunuz. Buna nə səbəb oldu?
– Fikrimcə, bu oyunda elə də yaxşı çıxış etmədik. “Qarabağ”a topla istədiyi kimi davranmağa imkan verdik. Məhz bunun da nəticəsində rəqib komanda öz oyununu göstərə bildi. Bizim zəif oynamağımız onların qələbə qazanmasına səbəb oldu. Nə vaxt ki, “Qarabağ” istədiyi kimi topla davranır, o zaman qalib gəlir.
 
– Bu məğlubiyyəti gözləyirdiz?
– Yox, biz qələbə qazanmaq istəyirdik. Amma rəqibimiz çox güclü komanda idi. Onların heyətində fərdi keyfiyyətlərinə görə çox güclü futbolçular var. Elə Reynaldo da öz fərdi keyfiyyətləri hesabına gözəl qol vurdu və komandasına qələbə gətirdi. Bizim də şanslarımız az deyildi. Amma istifadə edə bilmədik.
 
– Daniel Subotiç komandaya gələndən sonra meydana az çıxırsız. O, zədəli olduğu üçün son iki oyunda siz oynamısız…
– Nə deyə bilərəm ki? Mənim işim futbol oynamaqdı. Kimin meydana çıxacağına isə baş məşqçi qərar verir.
 
– Artıq Subotiç zədəsini sağaldıb. Onunla rəqabətdən qalib ayrıla biləcəksiz?
– Subotiç çox yaxşı futbolçudu. Onun vurduğu qollar komandamız üçün vacibdi. Çempionatın ikinci yarısında ona ehtiyacımız var. Mən də məşqlərdə çox ciddi hazırlaşacam ki, onunla rəqabətdən qalib ayrılım. Bura futbol oynamaq, “Qəbələ”yə kömək etmək üçün gəlmişəm. Baş məşqçimiz lazım olan futbolçunu meydana buraxır. Daha çox Subotiçin oynamasının səbəbini öyrənmək istəyirisizsə, baş məşqçimizdən soruşa bilərsiz.
 
– Premyer Liqanın ikinci yarısında iki oyun oynamısız. Birində qalib gəlib, digərində uduzmusuz…
– Biz hələ çempionatın ikinci yarısına yeni başlamışıq. İlk oyunda böyükhesablı qələbə qazanmağımız yaxşı oldu. Bu vacib idi. “Sumqayıt” autsayder olsa da, biz həmin oyuna çox ciddi yanaşırdıq. İndi hər oyuna daha ciddi yanaşıb, qələbələr qazanmalıyıq. Çünki “Qarabağ”la oyundakı məğlubiyyət bizi geri saldı. Həmçinin Premyer Liqada çətin oyunlar qrafiki var. Məsələn ard-arda çox gərgin matçlar olur. Bu oyunlarda xallar götürə bilsək, sonda bizim üçün yaxşı olacaq. Xüsusən də biz ağır oyunlardan xallar qazanmalıyıq.
 
– Növbəti oyununuz “Xəzər Lənkəran”a qarşıdı. Qələbə qazana biləcəksiz?
– Yalnız Allah bilir ki, kim qalib gələcək. Amma biz bu oyuna yaxşı konsentrasiya olmalıyıq. Yeni baş məşqçi gələndən “Xəzər Lənkəran”da yaxşı mənada dəyişikliklər olub. Çempionatın ikinci yarısında birinci yarıya nisbətən daha fərqli komandalar görürürük. Ona görə də çətin olacaq. Amma bizə 3 xal lazımdı.
 
– “Qəbələ” çempionluğa nə qədər yaxındı?
– Bunu çempionatın sonunda görəcəyik. Amma ümid edirəm ki, çempion olacağıq.
 
– Sizcə, hansı komandalar çempionluq uğrunda sona qədər yarışacaq?
– Bu barədə nəsə deyə bilmərəm. Məni ancaq öz komandam düşündürür.
 
ELSEVƏR
Shares: