AFFA İntizam Komitəsinin son iclasında bir sıra cəzalar tətbiq olundu ki, bunlar da gözlənilən idi. Ehtimal edildiyi kimi, ən ciddi cəzalar Lənkəranda baş tutan "Böyük oyun"la bağlı oldu. Və yekunda verilən qərarlar "Neftçi"nin “yüklənməsinə” səbəb oldu.
Təssüflər olsun ki, İntizam Komitəsi bu dəfə də bir sıra ciddi məqamları diqqətdən qaçırdı. Düzdü, İK Bruno Bertuççi, Karlos Kardoso və Ağabala Ramazanov arasında gedən "razborka" ilə bağlı ölçü götürdü. Elə azarkeşlərə barmaq jesti göstərən Mahir Şükürov da 3 oyunluq cəzalandı. Sözsüz ki, adıçəkilən futbolçuların hərəkətləri yolverilməzdi və onların bu davranışlarına heç cür haqq qazandırmaq da olmaz. Amma matçın ilk dəqiqələrindən etibarən "Xəzər Lənkəran" tərəfdarlarının Mahiri təhqir etməsindən sonra gözlənilən o idi ki, kluba azarkeşsiz oynama cəzası verilsin. Hər halda Mahir nə qədər aqressiv futbolçu olsa da, azarkeşlərə ünvanladığı barmaq jestini kefindən etməmişdi. Düzdü, o, tribunalara toplaşanları buna təhrik etdi, amma azarkeşlər qarşılıq verdisə, deməli, onlara görə “Xəzər Lənkəran”a da cəza verilməliydi. Gəl ki, İntizam Komitəsi, Peçəkar Futbol Liqası, dolayısı ilə AFFA nədənsə cənublulara güzəştə getdi.
Azarkeşlərin Mahirə "hədiyyəsi"ni AFFA-nın nümayəndəsi öz dəftərinə qeyd etməli idi ki, müvafiq tədbirlər görülsün və bir də belə xoşagəlməz hadisələr yaşanmasın. Hər halda, həmin gün havanın dumanlı olması görüntünü məhdudlaşdırmışdı, AFFA nümayəndəsi üçün eşitmə problemi yaratmamışdı ki…
Düzdü, lənkəranlı azarkeşlərin meydana atdığı yad əşyalara görə "Xəzər Lənkəran" 2 min manat cərimə olundu. Cərimənin miqdarına baxdıqda isə görərik ki, bu məbləğ stadiondakı biabırçılığın qarşılığı deyildi. Sizə dünya, eləcə də Azərbaycan futbolunda baş vermiş oxşar hadisələrə görə tətbiq olunan cəzalarla bağlı bir sıra faktları misal gətirəcəyik və özünüz bu sualın cavabını tapmaqda heç də çətinlik çəkməyəcəksiz.
* 2007/2008-ci il mövsümündə XVI Azərbaycan çempionatının güclülər dəstəsində növbəti turun oyunları zamanı keçirilmiş «Xəzər-Lənkəran» – «Standard» matçı ərzində stadionda kütləvi nizam-intizamsızlıq baş verdiyinə görə baş vermiş hadisənin dərəcəsindən və xarakterindən asılı olaraq meydan sahibinin 3 ev oyunu azarkeşsiz keçirilsin və klub 8 min manat məbləğində cərimə olunsun (maddə 28).
* 2013-cü ildə İtaliya Futbol Federasiyası "Yuventus" – "Napoli" matçı zamanı turinli azarkeşlər ayrıseçkilik yaradan şüarlar səsləndirdiyi üçün ev sahibini cəzalandırır. "Yuventus" buna görə 2 maçı azarkeşsiz oynayır və 50 min avro cəzalanır.
* FİFA ukraynalı azarkeşlərin San-Marino millisinə qarşı oyunda səsləndirdiyi irqçi şuarlara görə DÇ – 2018-in ilk matçında azarkeşsiz oynama cəzası verir. Ukrayna millisi 45 min İsveçrə frankı ödəməli olacaq.
* 2007-ci ildə "Fənərbağça" – "Beşiktaş" derbisi zamanı azarkeşlər çirkin və təhqiredici şüarlar səsləndirdikləri üçün "sarı-lacivərdlilər" 1 oyunluq azarkeşsiz oynama və 80 min lirə pul cəzası alır.
* Ötən mövsüm“Qarabağ” – “İnter” matçı zamanı ağdamlılar ictimai asayişi təmin etmədiyinə görə 5000 manat, stadionda baş vermiş intizamsızlığa görə isə əlavə 8000 manat və 1 oyun azarkeşsiz oynamaqla cəzalanır.
* 23 dekabr 2011. AFFA İntizam Komitəsinin iclasında Unibank Premyer Liqasının 18-ci turunda “Simurq” – "İnter" oyununda azarkeşlər tərəfindən meydançaya atılmış kənar əşyalardan biri matçın baş hakiminin başına dəydiyi üçün “Simurq” klubunun növbəti iki ev oyununu azarkeşsiz keçirməsi və kluba 8000 manat cərimə verilməsi barədə qərar qəbul olunur.
"Böyük oyun"da da oxşar hadisələr oldu. Belə ki, lənkranlı azarkeşlər Mahir Şükürovu hədəf alaraq hətta ona tərəf mobil telefon atmaqdan da çəkinmədilər. Allah qorusun, cənublu fanatın Şükürova atdığı mobil telefon onun gicgahına dəysə idi, ya bir azarkeş həbs olunmağa məruz qalacaqdı, ya da fanatın bu çılğınlığı Şükürovun səhhətindən təsirsiz ötüşməyəcəkdi.
Görünür, İK Mahirə atılan mobil telefon onun başına dəymədiyi üçün cənub klubunu cəzalandırmaqdan yan keçib. Yəqin ötən ilin avqustunda baş verən hadisə AFFA üçün dərs olmayıb. Baxmayaraq ki, həmin yaranmış xoşagəlməz hadisələrə görə bir sıra azarkeşlər tribunadan birbaşa polis bölməsinə aparılmışdı. Hələ də onların əksəriyyəti haqlı və ya haqsız olaraq azadlıqdan məhrum olublar. Gözlənilən o idi ki, azarkeşlərin həbsi ilə nəticələnən xoşagəlməz hadisələrə görə bir də belə bir iğtişaş yaranmasın. Əslində, həmin vaxt kluba pul cəzası verilməsi ilə yanaşı tribunalar fanatların üzünə bir neçə oyunluq bağlanılsa idi, belə hadisələr bəlkə də bir daha baş verməzdi.
EMİN SƏFƏROV





