“Xəzər Lənkəran”ın futbolçusu Radomir Todorovun futbolinfo.az saytına müsahibəsi
– Son turda komandanızın "Qarabağ"a böyük hesabla məğlub olmasına nə səbəb oldu?
– İlk hissədə çox yaxşı oynadıq. İkinci qola qədər mübarizə apardıq. Bir neçə qol epizodumuz da oldu. Amma son nöqtəni qoya bilmədik. Düşünürəm ki, hesab ədalətli olmadı.
– Bu oyunda hakim səhvləri var idimi? Ümumiyyətlə, bu məğlubiyyətinizdə kənar amillərin təsiri yoxdu ki?
– Düzü, mən bunu görmədim. Olsa idi belə, bunu demək mənim işim deyil.
– Superkubokda "Neftçi"ni məğlub etdikdən sonra çoxları artıq "Xəzər Lənkəran"ın özünə gəldiyini düşünürdü. Amma son oyun bunun belə olmadığını göstərdi. Ola bilərmi ki, komanda yorğun idi?
– Ola bilər. Amma "Qarabağ"la oyunda fiziki cəhətdən komanda yaxşı təsir bağışladı. Motivasiya güclü idi. Çünki qalib gələcəyimiz təqdirdə komada dördüncü pilləyə yüksələcəkdi. Bəlkə də buna görə komandamız tələsdi.
– Ümumiyyətlə, komandanız bu mövsüm sabit oyun sərgiləmir. Bunun səbəbini nədə görürsüz?
– Yenə də deyirəm, bunu şərh etmək mənim işim deyil. Bunu məşqçilər korpusu deyə bilər.
– "Qarabağ"la matçda bir qrup azarkeş Con Toşakı istefaya səsləyirdi. Sizcə, onlar bunda haqlıdılar?
– Məni düzgün başa düşün, bunu şərh edə bilmərəm. Mən futbolçuyam. Oyundan kənar şeylərə qarışa bilmərəm. Bu, mənim üçün yaxşı olmaz.
– Bu mövsüm cəmi iki oyunda meydanda olmusuz. Belə az forma şansı qazanmağınızın səbəbi nədi?
– (gülür) Bilmirəm. Əslində hər şey yaxşıdı. Mən də yaxşı formadayam. Amma niyə oynamamağımın səbəbini özüm də bilmirəm. Ona görə sualınıza dəqiq cavab verə bilmərəm.
– Baş məşqçi ilə bu barədə söhbətiniz olub?
– Məşqçiyə bu barədə sual verməmişəm. Məncə, verməli də deyiləm. Hər gün məşq edirəm. Futbolu 11 nəfər oynamalıdı. O da istədiyi, lazım bildiyi oyunçuları meydana buraxır.
– Müqavilənizin vaxtı nə zaman bitir?
– Yanvar ayında.
– Bu gedişlə qışda “Xəzər Lənkəran”dan ayrılacağınızı gözləmək olar?
– Mən özüm qalmaq istəyirəm. Artıq 6 ildi ki, buradayam.
– Əsas heyətə düşə bilmədiyiniz halda qalmaq isdəyirsiz? Ehtiyatda oturmaq belə xoşdu?
– Yox. Amma biz kollektivik. Qalib gələndə də, məğlub olanda da bunda hamımızın payı olur.
– Bu il klubun onilliyidi. Çoxları komandadan çempionluq gözləyir. Bu cür oyunla çempion olmağınız mümkündü?
– Mənim fikrimcə, çempion ola bilərik. Qarşıda hələ çoxlu oyunlar var. Hər şey mümkündü. Liderlər də tez-tez xal itirirlər.
– Qarşıda sizi əzəli rəqibiniz "Neftçi" ilə növbəti oyun gözləyir…
– Biz hər oyunda meydana yalnız qələbə üçün çıxırıq. Fərqi yoxdu rəqib "Neftçi"di, yoxsa "Rəvan"dı.
– Bu oyunda azarkeş dəstəyindən məhrum olacaqsız. Bu, rəqib komanda üçün üsdünlük sayıla bilər?
– Əlbəttə, bizim hər zaman azarkeş dəstəyinə ehtiyacımız var. Bu, oyun üçün mənfi hal olsa da, düşünürəm ki, onlara qələbə bəxş edə biləcəyik.
KƏMALƏ İSMAYILOVA





