Cinayət varsa, cəza da var. Cəzasız cinayət anarxiyaya yol açır. Bir sözlə, cəza ədaləti bərpa etmək üçün ən önəmli vasitədi.
Təəssüf ki, insanların müəyyənləşdirdiyi cəza növləri ideal deyil. Yəni, hər nə qədər cəza qanunlarını tənzimləməyə çalışsan da, bəzən nələrsə nəzərdən qaçır. Təəssüf ki, AFFA rəhbərliyi futbol tariximiz boyunca absurd qərarları ilə "göz oxşayıb". Məsələ ondadı ki, hər dəfə cəza qaydalarına dəyişikliklər etməyə çalışsalar da, ideal sistem yaratmaq problemə çevrilib. Halbuki, normal məntiqə istinad etsəydilər, heç olmasa, ideala yaxın cəza sistemi hazırlaya bilərdilər.
Ancaq nə edək ki, quyuya su tökməklə onu doldurmaq olmur. AFFA-da kimlərin çalışmasından asılı olmayaraq nöqsanlar həmişə olub və bundan sonra da həmişə yaşanacaq. Belə baxanda hər şey göz qabağındadı. Necə deyərlər, görünən kəndə bələdçi lazım deyil. Biz sadəcə, bu kəndin bəzi nöqsanlarını qabartmaq istəyirik. Hə, indi "mus-mus"dan keçək "Mustafa"ya…
Bu humanistlik yox, kobudluğa şərait yaratmaqdı
Məsələ ondadı ki, premyer-liqada AFFA-nın tərtib etdiyi qaydaya əsasən bir oyunda bir komandanın 4 oyunçusu sarı vərəqə alırsa, klub 1000 manat dəyərində cəzalanır. Əlbəttə, bu, komandanın ipini ələ almaq üçün yaxşı vasitədi. Futbolçuların intizamlı oynaması üçün hardasa qorxuya ehtiyacı var. Əks halda, bu, anarxiyaya yol aça bilər. Amma bu sistem elə formalaşmalıdı ki, onun müddəalarında hansısa boşluq qeydə alınmasın. Daha doğrusu, kəmiyyət artdıqca keyfiyyət də öz dəyərini itirməməlidi. Təəssüf ki, bizdə kəmiyyət keyfiyyətə bağlı deyil. Yəni bir matçda komandanın 4 üzvü sarı vərəqəylə cəzalandıqdan sonra limit öz əhəmiyyətini itirir. Məsələ ondadı ki, 4-dən artıq sarı vərəqə alan komanda cəzalanmır.
Həqiqətən də, absurd cərimə sistemidi. Necə deyərlər, islanmışın yağışdan nə qorxusu? Belədə artıq islanmaqdan qorxmayan komanda nəinki yağmur, hətta leysanda özbaşınalıq edəcək. Ya belə qərar qəbul edən AFFA rəhbərliyi bunun sonrakı fəsadları haqda düşünməyib, ya da özünü "gözütox" göstərmək istəyib. Yəni, sonra deməsinlər ki, yuxarı başda oturanlar acgözdü. Daha başa düşmürlər ki, limit dolduqdan sonra komanda meydanda kobudluğa daha da meylli olacaq. Halbuki, 4-cü vərəqədən sonra hər alınan "sarı"ya görə məbləğ artırılmalıdı. Yəni heç olmasa, hər vərəqəyə görə 200 manat cərimə "yazılsa", komandanın oyunçuları kobud desək, özünü yığışdırar. Yəni belə xırda görünən, amma sonradan fəsadlara yol açan qaydalara göz yummaq lazım deyil.
Bu, hələ harasıdı? AFFA-nın cəza sisteminə görə bir oyunçu 4 sarı vərəqə aldıqdan sonra bir oyunluq diskvalifikasiya olunur və 50 manat dəyərində cərimələnir. Əlbəttə, buna şübhə yoxdu ki, futbol başbilənlərimiz klublara güc düşməməsi üçün belə güzəştə əl atıb. Ancaq bunu güzəşt yox, kobud oyuna şərait yaratmaq kimi qələmə vermək lazımdı. 4 vərəqəyə görə 50 manat ödəmək həm klub, həm oyunçu üçün tumpuludu. Onsuz da ölkənin aparıcı klubları oyunçularına həddindən artıq məvacib yazır. Yəni onları 50 və 100 manatla qorxutmaq mümkün deyil. Futbolçuların meydanda daha səliqəli oynaması üçün hər vərəqəyə 50 manat cəza kəsmək lazımdı. Belədə istər-istəməz futbolçu ehtiyatlı oynamağa cəhd edəcək. Yoxsa, bir futbolçu ağlında "4" rəqəmini tutub meydanda kobudluğa daha meylli olacaq. Onsuz da son vaxtlar dünya futbolunda müdafiə futboluna meyl artıb. Nəticəyə görə oynayan komandalar da bir xala görə kobudluq etməkdən çəkinmir.
Futbolda humanistlik qaydanı pozanı cəzalandırmaqdan keçir. "Uşaqlığın son gecəsi" filmində Davudun dediyi kimi: "Söhbət sossiskada deyil, adam gərək "vnimatelni" olsun". Məhz bu diqqəti artırmaq üçün cəzaları daha da sərtləşdirmək lazımdı.
Növbəti absurd qərar
AFFA-nın tətbiq etdiyi cəza sistemində digər nöqsanları da ön plana çəkmək olar. Onlardan biri diskvalifikasiyanın turnirə görə olmasıdı. Yəni, çempionatda qırmızı vərəqəylə cəzalanan futbolçu yalnız qarşıdakı çempionat matçını buraxmalıdısa, kubokda diskvalifikasiya ilə üzləşən kubok oyununa çıxa bilməz. Üstəlik, superkubokun da öz "dünya"sı, öz əhatə dairəsi var. İlk 2 turnirdəki sistemi başa düşdük, hətta bu qaydanın düzgün olduğunu da qəbul etməliyik. Yəni, bir futbolçu qarşıdakı çempionat oyununa çıxmaq üçün bilərəkdən vərəqə alıb kubokdakı matçı qurban verir. Bunun qarşısını almaq üçün isə cəzaları turnirlərə görə təsnifatlandırmaq lazımdı. Ancaq bunu superkuboka da aid etmək absurddu. Hansısa bir futbolçu superkubok matçında cəzalandıqdan sonra onun nəvaxtsa belə bir oyuna çıxması el arasında "ölmə eşşəyim, yonca bitincə" məsələsinə oxşayır. Guya bir komandanın hər il superkubokda oynamaq üçün zəmanəti var?
Məsələ ondadı ki, "Neftçi"ylə "Xəzər Lənkəran" arasında Naxçıvanda keçirilən superkubok matçında Sadio Tounkara qırmızı vərəqə alsa da, onun cəzası yalnız nəvaxtsa superkubokda oynayacağı halda qüvvəyə minəcək. Halbuki, bir superkuboka görə o birisini gözləməyə ehtiyac yoxdu. Kubokla çempionat elə bir şeydi ki, hər il varsan! Amma superkubok hər il "alnına yazılmadığına" görə orada cəzayla üzləşdiyinə görə qarşıdakı çempionat və kubok oyununda kənarda qalmalısan. Problem həm də bilirsiz nədədi? Təsəvvür edin ki, superkubokda oyunçu hakimi təhqir edir və ya bilərəkdən rəqibə qarşı həddən artıq kobud oynayır. Təbii ki, belə oyunçu bir oyunluq cəzalanmır. İndi belə çıxır, AFFA onu 4 superkubok oyununda cəzalandırmalıdı? Ümumiyyətlə, komandalar var ki, heç tarixi boyunca 4 superkubok görmür, o ki qala bir oyunçu.
Necə də gülünc görünür, deyilmi? Bir sözlə, "Xəzər Lənkəran"ın oyunçusu həmin matçda meydandan qovulduqdan sonra cəzasız qaldı. Buna başqa ad vermək olmur. Əslində, onun hərəkəti azı 3 oyunluq cəzayla qiymətləndirilməliydi. Amma AFFA da cəzanın məhz superkuboka aid olduğunu nəzərə alıb ona az cəza kəsdi.
Avropanın aparıcı çempionatlarında superkubokda cəzalanan futbolçu bu qədər gözləmir. O ya çempionat, ya da kubok matçını kənardan izləmək məcburiyyətində qalır. Öz başına yox, görüb götürməklə qərar çıxartmaq lazımdı. Ümid edirik, AFFA da cəza sisteminə yenidən baxacaq.
CAVAD





