Artıq ilin sonunda Berti Foqtsun AFFA ilə olan müqaviləsi başa çatır. Futbolinfo.az xəbər verir ki, alman mütəxəssisi kimin əvəzləyəcəyi isə hər kəsə qaranlıq qalır.
 
Qarşıdakı yoldaşlıq oyunlarına da Foqtsun başçılığı ilə çıxacaq millimizi növbəti ildən kimin çalışdıracağı ilə bağlı müxtəlif fərziyyələr irəli sürülməkdədi. Ən son olaraq türkiyəli mütəxəssis Şenol Günəşin millimizi çalışdıracağı barədə xəbərlər yayılıb.
 
Bu arada Foqtsun müqaviləsinin konkret nə vaxt başa çatacağı ilə də bağlı müxtəlif tarixlər açıqlanmaqdadı. Bəziləri onunla müqavilənin müddətinin dekabrın 1-də başa çatacağını iddia edirsə, bəziləri də artıq Foqtsun noyabrın 1-dən etibarən millimizin çalışdırıcısı olmadığını iddia edir.
 
AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu saytımıza açıqlamasında məsələyə aydınlıq gətirib:
 
"Foqtsun AFFA-la olan müqaviləsi ilin sonunda başa çatır. İlin son gününə kimi, almaniyalı mütəxəssis millimizin baş məşqçisi kimi qalacaq. Növbəti ildən millinin kimin çalışdıracağı isə hələ bilinmir. Çünki İcraiyyə Komitəsinin (İK) iclası hələ keçirilməyib. Nizamnaməyə uyğun olaraq, İK üzvləri bir araya gəlib iclas keçirəcək. Bu toplanışda bütün məsələlər müzakirə olunaraq öz həllini tapacaq. Hələ ki, bu iclas olmadığından bu barədə dəqiq məlumat verə bilməyəcəm".
Shares: