“Real"ın qapıçısı İker Kasilyas Madrid klubundan ayrılmaq niyyətində deyil. Futbolinfo.az xəbər verir ki, bu barədə təcrübəli qolkiper Çempionlar Liqasının  qrup mərhələsində "Yuventus"la oyundan (2:2) sonra İspaniya mətbuatına açıqlamasında deyib.
 
O, bildirib ki, mövsümün sonuna qədər “Kral klubu”nun formasını geyəcək: "Bunu daha əvvəl də söyləməyimə baxmayaraq, dediklərimi başqa tərəfə yozurlar. Hətta müqaviləm bitənə qədər burada qalmaq istəyirəm. Bir ildən sonra nələrin olacağını bilmək çətindi. Amma burada xoşbəxtəm. Hazırda çox vaxt start heyətdə oynamağım çətin olsa da, bunun üçün mübarizə aparacam".
 
Yeri gəlmişkən, "Yuventus"la matçda inamlı oyunu ilə seçilən İker ötən axşam rekord qırıb.  O, “Kral Klubu”nun heyətində ÇL-də ən çox oyun keçirən futbolçu statusuna yiyələnib. Qolkiper sabiq komanda yoldaşı Raulu geridə qoyub. “Yuventus”la görüşdə 133-cü dəfə qitənin ən nüfuzlu klub turnirində “Real” üçün yarışan qapıçı ÇL-də ilk dəfə 1999-cu ildə debüt etmişdi.
Shares: