Bu dəqiqələrdə Lənkəranda Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Xəzər Lənkəran" – "Qəbələ" görüşü keçirilir. Futbolinfo.az xəbər verir ki, cənub bölgəsinə yağan güclü yağış səbəbindən bu qarşılaşmaya gələn azarkeşlərin sayı əvvəlkilərə nisbətən azdı.
Amma buna baxmayaraq, komandanın sadiq azarkeşləri Lənkəran şəhər stadionuna gəlməkdə davam edirlər.
Leysan yağışı "Fırtınalar meydanı"nın ot örtüyünə də təsirsiz ötüşməyib. Belə ki, stadionun qazonu pis vəziyyətdədi. Qarşılaşmanın məhz buna görə öncədən təxirə salınmaq ehtimalı olsa da, AFFA və PFL rəsmiləri komandaların məhz bu gün qarşılaşmasına qərar veriblər. Futbolçuların oyundan qabaqkı məşq prosesi zamanı necə əziyyət çəkdiyini diqqətdən yayınmadı. Bu, güman ki, oyunun gedişində daha da bərbad vəziyyətə düşəcək meydanda baxımlı futbol sərgiləməyə imkan verməyəcək.





