"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin futbolinfo.az saytına müsahibəsi
 
– Bu mövsüm artıq ikinci dəfədi AZAL-a qalib gələ bilmirsiz. Bu oyun haqda fikirlərinizi bilmək maraqlı olardı…
– AZAL-la oyun haqda heç danışmaq istəmirəm. Çox bərbad bir qarşılaşma idi.
 
– Bu oyunda meydanda olmamağınız sizcə, komandanızın çıxışına təsir etdi?
– Bununla bağlı heç bir şey deyə bilmərəm.
 
– Çox vaxt ehtiyatda oturmağınızın səbəbi nədi?
– Fikrimcə, Nikolas Gelaşvilinin daha yaxşı oyun sərgiləməsi üçün ona şans verilir. Bu da mənim ehtiyatda qalmağıma səbəb olur.
 
– Sizə etimad göstərilən oyunların bir çoxunda fərqlənmisiz. Düşünmürsüz ki, siz Gelaşvilidən daha güclüsüz?
– Məncə, buna azarkeşlər cavab versə, daha yaxşı olar.
 
– Sizin xal itirməyinizdən maksimum yararlanan "Neftçi" "Qarabağ"la xallarını bərabərləşdirdi. Çempionluq yarışında daha hansı komanda sizin əsas rəqibiniz sayıla bilər?
– Fikrimcə, çempionluq yarışında "Qəbələ" də əsas rəqiblərimizdəndi. Düzdü, bu komanda ilə aramızda 5 xallıq fərq var. Lakin "Qəbələ" məğlub olduğu oyunlarda belə asanlıqla təslim olmur. Oyunu qazanmaq istəyində olurlar. Ancaq "Neftçi" qapısında 2 qol görən kimi oyunu heç cür alınmır. Bu üzdən də "Qəbələ"ni çempionluq yolunda "Neftçi"dən daha ciddi rəqib sayıram.
 
– Yəni "Neftçi"nin irəlidəki turlarda rəqabətdən çəkiləcəyini düşünürsüz?
– Bəli. Fikrimcə, növbəti turlarda "Neftçi" rəqabətə davam gətirə bilməyəcək.
 
– Uzun müddətdi milliyə çağırılmamağınız nə ilə bağlıdı? Sonuncu dəfə ötən il milliyə dəvət almısız…
– Fikrimcə, yığmaya çağırılmamağım "Qarabağ"da çox forma şansı qazanmadığıma görədi. Çünki millidə çıxış etmək üçün oyun təcrübən yetərli olmalıdı.
 
– Azərbaycanda "Qarabağ"dan başqa hansısa klubda oynayardız?
– "Qəbələ"də oynaram. Çünki onlarda komanda oyunu var. Sərgilədikləri futbol da xoşuma gəlir.
 
– "Qarabağ"da komanda oyunu yoxdu ki?
– Var. Amma hücum zamanı komanda yoldaşına işarə edirsən ki, qapıçının arxasındayam, ötürmə et, boş qapıya vurum, bunu etmirlər. Özü qapıçının üstünə vurmağa üstünlük verir.
 
– Söhbət hansı oyunçulardan gedir? Konkret ad çəkə bilərsiz?
– Misal üçün, Reynaldonu deyə bilərəm.
 
– Yəni, Reynaldonun eqoist olduğunu düşünürsüz?
– Sadəcə, özünü azarkeşlərə sevdirmək istəyir.
 
– Ötən il çempion olmamağınızın səbəbi nə idi?
– Səbəb kimi Reynaldo, Çembinyo kimi futbolçuların olmamasını deyə bilərəm. Belə futbolçularımız olsaydı, hər şey fərqli də ola bilərdi.
 
– Sizcə, komanda yoldaşlarınızdan hansılar daha üstün çempionatlarda çıxış edə bilərlər?
– Fikrimcə, Qara Qarayev, Vüqar Nadiorv və Rəşad Sadıqov Almaniya bundesliqasında çıxış edə biləcək gücə sahibdilər.
 
– Artıq 2011-ci ildən burdasız, 2014-cü ildə "Qarabağ"la müqavilənizin müddəti başa çatır. Klubdan yeni transfer müqaviləsi gəlsə, qəbul edəcəksiz?
– Xeyr.
 
– Rəqabətdən çəkindiyiniz üçün, yoxsa?
– Ehtiyatda oturmaqdan bezmişəm.
 
– Başqa klublardan transfer təklifləri var?
– Bəli, var.
 
– Yerli komandalardan, yoxsa xarici?
– Portuqaliya Superliqasında çıxış edən, Avropada yetərincə tanınmış klublardan biridi. Ancaq klubun adını açıqlamaq istəmirəm. Çox güman ki, o klubla müqavilə imzalayacam. Məni "Qarabağ"ın Avroliqadakı bütün oyunlarını izləyərək bəyəniblər.
 
– Bu transfer nə vaxt rəsmiləşək?
– 2014-2015-ci illər aralığında. Amma gün və ayı hələ sirr saxlamaq istəyirəm.
 
– Baş məşqçi milli komandaların yoldaşlıq görüşü ilə əlaqədar futbolçulara 4 günlük istirahət verib. İstirahətiniz necə keçir?
– Səhər saat 11-ə qədər yatıram, yeməyimi yeyirəm, gecələr də çox vaxt "facebook"da oluram.
 
– Ən çox hansı yeməyi xoşlayırsız?
– Plovu daha çox bəyənirəm.
 
– "Facebook"da azarkeşlər ən çox sizə hansı tipli mesajlar yazırlar?
– Azarkeşləri də ən çox maraqlandıran sual mənim niyə ehtiyatda oturmağımdı.
 
– Yəqin ki, subaysız?
– Bəli, subayam, amma sevgilim var.
 
– Azərbaycanlı xanımlardan dostluq etdiyiniz var?
– Azərbaycanlı best modellərdən başqa qız dostum yoxdu.
 
– Adlarını deyə bilərsiz?
– Birinin adı Aysu, birinin adı Leyla, digərinin adı isə Ayseldi.
 
– Tanışlığınız necə alındı?
– Onlar mənimlə tanış oldular. "Facebook" hesabımın mesaj bölməsinə yazmışdılar. Mənə oyundan sonra şəkil çəkdirmək istədiklərini bildirdilər. Mən də qəbul etdim. Əvvəl elə bildim zarafat edirlər. Amma gəldilər, məni yeməyə də dəvət etdilər. Beləliklə onlarla dost oldum.
 
– Bəs sevgiliniz sizi həmin xanımlara qısqanmır?
– Yox. Onsuz da çox vaxt şəhərdə gəzəndə yanımda olur.
 
– Bakıda sizinlə heç zarafat edən olub?
– Hə. Bir dəfə məni futbol oynamağa dəvət etmişdilər. Getdim gördüm ki, ancaq qızlar oynayır.
 
– Makedoniyada Azərbaycan haqqında soruşanda nə deyirsiz?
– Deyirəm ki, gəlin özünüz görün. Ora ilə bura arasında elə də ciddi fərq yoxdu.
 
– Azərbaycanla bağlı hansı xatirə həmişə yaddaşınızda qalacaq?
– Yaddaşımda ən çox Qara Qarayevin futbola baxanda bizə imkan verməməsi qalacaq. Yaman çox danışır (gülür).
 
EMİN SƏFƏROV
Shares: