Bir müddət Azərbaycanın 16 yaşlılardan ibarət milli komandasında forma geyən Dağıstan əsilli futbolçu Şamil Lahiyalov Rusiya mətbuatına müsahibəsində ölkəmizdə lipa olaraq çıxış etdiyini etiraf edib. Futbolinfo.az xəbər verir ki, artıq karyerasını başa vurmuş futbolçu millimizdə kiçik qardaşı Rəşidin sənədləri ilə oynadığını bildirib.
"Artıq bu barədə danışa bilərəm. Bunu məcara kimi qəbul edin. 90-cı illərdə “Anji”yə düşmək çətin idi. Yoldaşlıq oyunu üçün Azərbaycana yollanmışdım. Orada isə deyirlər: “1982-ci il təvəllüdlü doğum şəhadətnaməsi tapsan, qala bilərsən”. Mən isə kiçik qardaşım Rəşidin sənədlərini gətirdim. Doğum haqda şəhadətnamədə şəkil olmur. Mən 1979-cu il təvəllüdlüyəm, amma uşaq kimi görünürdüm. Peşəkar futbolçu səviyyəsinə çatanda dedilər ki, saxta pasport al, bundan sonrada da burada oynamağa davam et. Mənim ilk müqaviləmdə maaşım 470 rubl idi. Saxta pasportun qiyməti isə 4 min rubl. Tüpürüb, Dağıstana qayıtdım. Azərbaycanda məni Rəşid çağırırdılar. Ancaq bir dəfə Dağıstan qəzetində şəklimi gördülər, orada “Şamil Lahiyalov” yazılmışdı. Soruşdular ki, demək, sən Şamilsən? Dedim yox, Rəşidəm. Amma azərbaycanlılar bic millətdi. Yarım saat sonra televizora baxırıq, birdən kimsə səslənir: “Şamil!” Mən çönüb baxdım. Hər kəsə məsələ aydın oldu. Müqaviləmin sonunacan qaldım. Rəşid adı ilə Azərbaycan millisinin heyətində seçmə mərhələdə də oynadım".
O dönəmdə U-16-ya başçılıq edən Şahin Diniyev futbolinfo.az saytına bu hadisədən 2000-ci ildə xəbər tutduğunu bildirib: "Şamil yoldaşlıq oyunu üçün Azərbaycana gəlmişdi. Mən onun oyununu bəyəndim və matçdan sonra yaxınlaşaraq Azərbaycanda oynamaq təklifi etdim. O da razılaşdı və mənə 1982-ci il doğumlu olduğunu dedi. Özünü Rəşid Lahiyalov kimi təqdim etdi. U-16 və U-18 də forma geyindi. Sonra Rusiyaya yollandı. O vaxt mənim xəbərim olmamışdı. 2000-ci ildə "Terek"ə ilk dəfə məşqçi kimi gəlmişdim. Şamil isə Mahaçqala "Dinamo"sunda oynayırdı. Rəhbərliyə Rəşid Lahiyalovu komandamda görmək istədiyimi bildirdim, onlar isə mənə onun Rəşid yox, Şamil olduğunu dedilər. O zaman hər şeyi başa düşdüm. 3-4 günlük bizim komandaya qoşuldu. Amma müqavilədə razılıq əldə edə bilmədik deyə komandada qalmadı. Bu hadisədən xəbərdar olanda ikimiz də çox güldük. Onunla xeyli zarafat etdim".
KƏMALƏ İSMAYILOVA





