AZAL-ın müdafiəçisi Ruslan Tağızadənin futbolinfo.az saytına müsahibəsi
 
– "Simurq"la oyunda ciddi zədələnmişdiz. Hazırda zədəniz nə yerdədi?
– Artıq komanda ilə birlikdə məşqlərə başlamışam. Demək olar ki, heç bir ağrı hiss etmirəm.
 
– "Qəbələ" ilə oyunda komandanıza kömək edə biləcəksiz?
– Zədəmi yeni sağaltdığım üçün bir az fiziki hazırlıq baxımından problemlərim var. İnşallah, oyuna kimi o da düzələr. "Qəbələ" ilə oyunda baş məşqçinin mənə şans verməsini gözləyəcəm.
 
– Komandanız artıq 8 turdu qələbə üzünə həsrətdi. AZAL-ın uğursuz çıxışının səbəbi nədi?
– Hər komandada belə hallar olur. Artıq növbəti oyunda bu uğursuzluğa son qoymağa çalışacağıq.
 
– Növbəti turda rəqibiniz "Qəbələ"di. Bu oyuna hazırlıq necə gedir?
– "Qəbələ" çox güclü komandadı. Çempionluğa 2-3 iddialı komanda varsa, onun biri də "Qəbələ"di. Orada bizi çətin oyun gözlədiyini bilirik. Bunun üçün də bu oyuna ciddi hazırlaşırıq. Bu qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Çünki biz alt sıralara düşməmək, "Qəbələ" isə liderlərlə xal fərqini azaltmaq üçün qələbə qazanmağa çalışacaq. Bizi çox çətin və gözəl oyun gözləyir.
 
– Bu mövsüm ən çox xalı "Qarabağ"dan almısız. Sanki "Qarabağ"la oyunlara digər komandalara nisbətən xususi motivasiya ilə çıxırsız. Buna səbəb nədi?
– Biz bütün komandalarla oyuna eyni motivasiya ilə çıxırıq. İstər rəqibimiz çempionluğa oynasın, istərsə də autsayderlər qrupunda qərarlaşsın. "Qarabağ" çempionatın ən güclü komandalarından biridi. "Qarabağ" bizimlə oyunlarda istədiyini ortaya qoya bilmir. Çünki biz buna imkan vermirik.
 
– "Qarabağ"ın kapitanı Rəşad Sadıqov isə AZAL-la oyunda xal itirmələrinin səbələrindən biri kimi suni ot örtüyü amilini qabartmışdı. Ümumiyyətlə, rəqiblərinizi suni ot örtüyünə malik qazonda qəbul etmək sizə nə dərəcədə əlavə üstünlük qazandırır?
– "Qarabağ" məşqlərini təbii ot örtüyünə malik meydanda keçir. Biz də suni ot örtüyündə məşq etdiyimizə görə, buna artıq öyrəşmişik. Ola bilər ki, "Qarabağ"ın xal itirməsinin səbəblərindən biri də bu oldu. Amma eyni zamanda biz həmin görüşdə ehtiyatlı oynadıq və xal aldıq. Biz "Qarabağ" dan xal almağa borclu idik.
 
– Ümumiyyətlə, futbolçuların tez-tez zədələnməsini nəzərə alsaq, suni ot örtüyünə malik stadionlarda çıxış etmək nə dərəcədə düzgün addımdı?
– Stadionların suni örtüklu olması futbolçular üçün pisdi. Meydan bərk olur, bu da tez-tez zədələnməyimizə gətirib çıxarır. Bütün stadionlarımız təbii ot örtüyünə malik olsaydı, daha yaxşı olardı.
 
– Uzun müddətdi milliyə çağırılmırsız. İndiki zədəniz olmasaydı, çağırılacağınıza ümidiniz var idi?
– Berti Foqts bizim 2-3 oyunu izləyib. Bu çempionat ərzində pis çıxış etdiyimi düşünmürəm. Ən azından yoldaşlıq oyunlarına çağırıb, şans verəcəyini, baxacağını düşünürdüm. Ancaq yenə də son söz baş məşqçinindi. Zədə almamışdan qabaq da milliyə dəvət alacağımı düşünürdüm.
 
– Foqtsun yığmamızdan ayrılması gözlənilir. Sizcə, onu yerli yoxsa, əcnəbi məşqçi əvəzləməlidi?
– Mən bu işə qarışa bilmərəm. Bunu AFFA rəhbərliyi daha yaxşı bilər. Necə xeyirlidi, elə də edərlər.
– Ötən il sizin Bakı "İnter"inə keçəcəyiniz deyilirdi. Hətta "İnter"lə ilkin razılığa da gəlmişdiz. Keçidiniz niyə baş tutmadı?
– AZAL artıq mənim sənədlərimi "Neftçi" dən almışdı deyə, "İnter" ə keçidim alınmadı. Hər şeydə bir xeyir var. Belə qismət imiş.
 
– Bildiyimizə görə qışda "Qəbələ"yə keçəcəksiz. Bu nə dərəcədə düzgün xəbərdi?
– Bu xəbəri sizdən eşidirəm. Hazırda AZAL-la müqaviləm var. Bu komandanın uğurları üçün çalışıram. Yəqin ki, nəsə bir şey olsa, xəbəriniz olacaq.
 
EMİN SƏFƏROV
Shares: