"Sumqayıt"ın prezidenti Kamran Quliyev son günlərdə gündəmdə olan komandanın maaşının kəsilməsinə münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında klub rəhbəri bunları dilə gətirib:
"Mən rəsmi olaraq sizə bildirirəm ki, biz onu daha öncədən planlaşdırmışdıq. "Sumqayıt" rəhbərliyi futbolçuların maaşını vaxtında ödəyir. Futbolçularla belə söhbətimiz olmuşdu ki, əgər 4 oyun ərzində xal ehtiyatı yaxşılaşarsa, heç bir maaş kəsmək söhbəti olmayacaq. Hətta mükafat da vəd etmişdik. "Rəvan"la oyundan sonra komandanın maaşından 30% kəsildi. Bunun da səbəbi futbolçuların qələbə qazana bilməməsi oldu".
Bundan başqa Quliyev futbolçulara mükafat vəd olunduğunu da bildirib: "Növbəti turda komandaya mükafat söz vermişik. Əgər "Simurq"la oyundan qələbə ilə ayrılsaq, komanda mükafat alacaq. Bu elə məbləğ olacaq ki, kəsilən 30%-i artıqlaması ilə ört-basdır edəcək".





