Futbol üzrə Azərbaycan 1-ci divizionunda mübarizə aparan MOİK 10-cu tur çərçivəsində "Araz Naxçıvan"la qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, bu görüşün son dəqiqələrində baş hakim Anar Salmanovun təyin etdiyi penalti Naxçıvan klubuna qələbə qazandıran qolla nəticələndi.
Məhz bu penalti oyundan sonra böyük qalmaqala səbəb oldu. Belə ki, MOİK rəsmiləri ilə hakimlər arasında dava-dalaş düşdü. Düzdü, bu davanın böyüməsinə imkan verilməsə də, "hərbçilər"in hakimlikdən narazı qaldığı göz önündəydi. Bu üzdən futbolinfo.az saytı olaraq MOİK-in baş məşqçisi Namiq Adilovla söhbətləşdik:
– "Araz Naxçıvan"la qarşılaşma haqda fikirlərinizi bilmək maraqlı olardı…
– Oyun ümumilikdə "Araz Naxçıvan"ın üstünlüyü şəraitində keçdi. Biz isə əks-hüçum taktikasını seçmişdik. Hakim qarşılaşmanın 93-cü dəqiqəsində olmayan penalti təyin etdi. Düzünü deyim ki, Anar Salmanovun bunu bilərəkdən etdiyini, yoxsa səhvə yol verdiyini bilmirəm. Oyundan sonra da hakimdən bu qərarın nə dərəcədə düzgün olduğunu soruşdum. Yüz faiz düzgün qərar verdiyini bildirdi.
– Həmin epizodun təkrarına baxmısız?
– Bəli. Fikrimcə, orda heç bir cərimə zərbəsindən söhbət gedə bilməz.
– Hakimin verdiyi qərarla bağlı şikayət edəcəksiz?
– Bu haqda dəqiq məlumatım yoxdu. Çox güman ki, rəhbərlik Hakimlər Komitəsinə şikayət məktubu göndərib, etirazını bildirəcək. Belə neqativ halların təkrarlanmaması üçün buna ehtiyac var.
– AFFA ötən mövsüm Salmanovu bir çox səhvlərinə görə hakimlikdən kənarlaşdırsa da, 6 ay fasilədən sonra 1-ci divizion oyunlarına təyin etməyə başladı. Ümumiyyətlə, onun yenidən hakimliyə qaytarılmasına münasibətiniz necədi?
– Fikrimcə, Salmanov yaxşı hakimdi. Azərbaycan hakimlərinin ən güclüləri sırasındadı. Yenə də deyirəm ki, onun bu oyunda qəsdən, ya sıradan bir səhvə yol verdiyini dəqiq iddia edə bilmərəm. Bunu futbolçuların haqqını tapdalayanların vicdanına buraxıram.
– Salmanovun qərəzli oyun idarə etdiyini düşünürsüz?
– Oyunun gedişində elə də qərəzli idarəçiliklə yadda qalmadı. Amma son dəqiqələrdə sanki an axtarırdı ki, penalti təyin etsin.
– Oyun başa çatandan sonra hakimə qarşı futbolçular və klub rəsmiləri tərəfindən aqressiv münasibət diqqətdən yayınmadı…
– Oyun bitəndən sonra ona nəsə deməyin heç bir xeyri yox idi. Penalti qərarından sonra mən də özümü güclə saxladım.
– Sizcə, hakim səhvlərinin aradan qaldırıması üçün hansı tədbirlər görülməlidi?
– Vallah, bunu mən deyə bilmərəm. Hakim səhvləri hər zaman olur. Ancaq mən bu səhvlərin qərəzli olmamasını istərdim. Hakim də səhvi olanda, oyundan sonra bunu etiraf etsin. Bunların yəqin gizlənməyə yerləri var ki, mütəmadi olaraq ciddi səhvlərlə yadda qalırlar.
– Hazırda komandanın psixoloji drumu nə yerdədi?
– Oyundan sonra futbolçularımı əzmkar oyuna görə təbrik etdim. Bildirim ki, biz haqsız yerə xaldan məhrum edildik. Ümumiyyətlə, 1-ci divizionda komandalara qarşı haqsızlıqlar çox olur. Hakimlər çox vaxt qərəzli mövqe ilə yadda qalırlar. Heç bunun səbəbini də başa düşmək olmur. Biz meydana çıxıb öz oyunumuzu nümayiş etdiririk. Meydanda hakimlər qarşılaşmanın müqəddaratın həll etməyə qadirdirlər. Oyunun gedişi zamanı istənilən an qərəzli mövqe göstərə bilərlər.
– Bu mövsüm MOİK-in qarşısına hansı vəzifə qoyulub?
– Bu il ancaq heyətimizi təkmilləşdirməyə çalışırıq. Gələn ildən artıq 2-3-cü yerlər uğrunda mübarizə aparmağa başlayacağıq. Ancaq hər oyunda maksimum nəticə qazanmaq uğrunda mübarizə aparırıq.
– Bu il ancaq heyətimizi təkmilləşdirməyə çalışırıq. Gələn ildən artıq 2-3-cü yerlər uğrunda mübarizə aparmağa başlayacağıq. Ancaq hər oyunda maksimum nəticə qazanmaq uğrunda mübarizə aparırıq.
EMİN SƏFƏROV





