"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayevin futbolinfo.az saytına müsahibəsi
– Komandada vəziyyət necədi?
– Vəziyyət normaldı. Hər şey öz qaydasındadı, məşqlərimizi keçirik.
– Növbəti turda "Şuşa" ilə qarşılaşacaqsız…
– Bəli, artıq o oyunun hazırlıqlarına başlamışıq. Onların bir oyununu izləmişəm. Güclü komandadı. Hesab edirəm ki, biz asan rəqibə qarşı oynamacağıq.
– 10 oyuna 9 qələbə qazanmısız. Artıq elitaya hazırlaşırsız?
– Əgər komanda qarşısına çempionluq qoyubsa, deyə bilərəm ki, hər bir oyuna axırıncı matç kimi baxmaq lazımdı. Burada söhbət bir yox, bir neçə komandanın rəqabətindən gedir. Təbii ki, rəqibdən asılı olmayaraq oynamaq, hazırlaşmaq lazımdı. Düşünürəm ki, qazandığımız nəticə yaxşıdı. Mövsümü birinci pillədə başa vurmağı düşünürük.
– Komanda elitaya vəsiqə qazansa, "Araz Naxçıvan" rəhbərliyi sizlə işləməyə davam edəcək?
– Bir söz deyim. Bunu sizin, mənim müzakirələrimiz həll etmir. Dəqiq məlumatı rəhbərlikdən öyrənmək lazımdı. Qismətdə varsa, davam edəcəyik. Mən hazırda bu haqda düşünmürəm, mənə tapşırılan işi görürəm.
– Premyer Liqada əcnəbi mütəxəssislərin işini necə qiymətləndirirsiz?
– Məşqçi həyatı belə bir şeydi ki, o, hər yerdə çalışa bilər. Məncə, məşqçi öz həmkarını müzakirə etməməlidi. Əsas komandanın mövsümə necə başlaması deyil, finala neçənci yerdə çatmasıdı. Ona görə məncə, bu haqda mövsümün axırında danışmaq düzgün olardı.
– Hansısa Premyer Liqa klubundan təklif almısız?
– Azərbaycandan yox…
– Xarici klubdan olub?
– Olub, ancaq bu barədə danışmaq istəmirəm.
– Millinin göstərdiyi nəticələr sizi qane edirmi?
– Sonuncu oyunumuzu Estoniyaya qarşı keçirdik. Yoldaşlıq oyununun mahiyyəti yeni oyunçuları yoxlamaq, ehtiyatda olanlara şans verməkdi. Burada nəticə o qədər də əhəmiyyətli deyil. Bu məğlubiyyəti faciəyə çevirmək olmaz. Gələcəyin komandasını qurmaq üçün bu cür oyunlar lazımdı. Millinin seçmə mərhələdə göstərdiyi nəticəni pis hesab etmirəm. Yaxşı nəticə göstərdik.
– İlin sonunda Berti Foqtsun AFFA ilə olan müqaviləsi başa çatır…
– Mən bu haqda danışmaq istəməzdim. Foqtsu o posta gətirənlər işinə də qiymət verir. Əgər məsləhət olsa, onu saxlayacaqlar, məsləhət olmasa, göndəriləcək.
– Millinin baş məşqçi postu sizə təklif olunsa, qəbul edərsiz?
– Hər bir yerli məşqçi üçün millidə işləmək şərəfdi. Söhbət tək məndən getmir, kimə rəva biləcəklərsə, o da işləyəcək. Yenə deyirəm, bu, hər baş məşqçi üçün şərəf olar, həmçinin də mənim üçün.
RÖVŞƏN ƏHLİMANOĞLU





