Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müqaviləsinin müddəti dekabr ayında bitəcək. Futbolinfo.az xəbər verir ki, futbol ictimaiyyəti artıq indidən onun postunda qalacağı və ya gedəcəyi, getsə, kiminlə əvəzlənəcəyi barədə müzakirələr aparır.
Bunu nəzərə alaraq ölkənin aparıcı futbol jurnalistləri arasında sorğu keçirdik. Görək onlar Foqtsun aqibəti, eləcə də gedəcəyi halda kiminlə əvəzlənəcəyi barədə nə düşünürlər?
Mahir Rüstəmli ("Futbol+" qəzetinin baş redaktoru): "Bu məsələdə qərar verməkdə bir az çətinlik çəkirəm.Yerli mütəxəssislərdən Qurban Qurbanov milliyə köməklik edə bilər. O, ən azı fərqli nəticə qazana bilər. Mən demirəm ki, biz AÇ və DÇ-nin final mərhələsinə qatılacağıq. Ancaq nəticələri yaxşılaşdıracağına inanıram. Əgər AFFA yerli məşqçilərlə işləmək istəməsə, o zaman Foqtsdan daha səviyyəli məşqçilər gəlməlidi. Məsələn Qus Hiddink, Fabio Kapello kimi".
Rəşad Ergün ("Komanda" qəzetinin baş redaktoru): "Açığı, millinin son seçmə mərhələdəki hoqqalarından sonra (Rusiya ilə yenə razılaşdırılmış heç-heçə, digər oyunlarda qazanılan nəticələrə görə fantastik mükafatlar) Berti Foqtsun göndəriləcəyinə çox da inanmıram. Amma Foqts getsə, yerinə Türkiyədən Ərtoğrul Sağlam kimi gənc, iddialı, kiçik komandalarla işləməyi bacaran mütəxəssis gətirilməsinin tərəfdarıyam. Yerli məşqçilərdən isə yığmanı Qurban Qurbanov çalışdıra bilər ki, o da Elxan Məmmədovun komandası ilə çətin yola getsin".
Şamo Quliyev (apasport.az saytının əməkdaşı): "Berti Foqtsun başqa bir əcnəbi ilə əvəzlənməsindənsə, elə onun qalmasının tərəfdarıyam. Əgər almaniyalı çalışdırıcı ilə müqavilə uzadılmayacaqsa, onda millinin başında Qurban Qurbanovu görmək istəyirəm. Fikrimcə, bu posta ən layiqli namizəd odu. Qurbanov "Qarabağ"dakı işi ilə özünü bir məşqçi kimi sübut edib. Onun yığmada uğur qazanacğına inanıram. Digər milli komandalara diqqət yetirin, nəticə əldə edən kollektivlərin əksəriyyətinin "sükan"ı arxasında yerli mütəxəssislər əyləşib. Foqtsun əvəzinə başqa bir əcnəbi gətirmək böyük bir səhv olar. Yerlilərdən isə ən ideal varinat Qurbanovdu".
Kəmalə İsmayılova (futbolinfo.az saytının əməkdaşı): "Fikrimcə, Foqts hələ gecikib. Çoxdan getməliydi. Əcnəbi məşqçi gələcəksə, adlı-sanlı, məşqçi kimi uğur qazanmış biri olmalıdı. Yox Foqts kimi biri olacaqsa, onda elə yerli məşqçi gətirilməsinin tərəfdarıyam".





