Futbol üzrə Azərbaycanın gənclər yığmasının və "Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlının futbolinfo.az saytına müsahibəsi
 
– U-21 yığmamız bu ilin son rəsmi matçında Makedoniyaya məğlub oldu. Bu oyun haqda nə deyərdiz?
– Çətin oyun oldu. Oyunumuz alınmadı. Qələbə qazanmaq istəyirdik. Lakin alınmadı. İnşallah, bundan sonra qələbə qazanarıq.
 
– Məğlubiyyətin əsas səbəbini nədə görürsüz?
– Əsas səbəb oyunumuzun alınmaması idi. Uşaqlar hamısı Premyer Liqamızda oynayanlardı. Amma alınmayanda alınmır, nə etmək olar.
 
– Qarşıda 3 oyun qalıb və yığmamız hazırda sonuncu pillədə qərarlaşıb. Sizcə, millimiz qrup sonunculuğundan yaxa qurtara biləcək?
– Əlbəttə! Hər şey öz əlimizdədi. Norveç, İsrail və Portuqaliya ilə oyunumuz qalıb. İnşallah evdəki oyunlarda (Norveç, İsrail) 3 xal, səfərdəki oyunda isə (Portuqaliya) ən azı bir xal qazanacağıq. Yenə demək istəyirəm ki, bu, bizdən asılıdı və nəticə qazanmaq üçün çalışmalıyıq.
 
– Premyer Liqanın son turunda "Qəbələ" (0:0) ilə oyunu kənardan izlədiniz. Komandanız necə təsir bağışladı?
– Mən oynamadığım oyun haqqında şərh vermək istəmirəm. Meydanın da vəziyyəti yaxşı deyildi. Uşaqlar axıra kimi mübarizə apardılar. Ona görə kiməsə "sənin səhvin var idi" demək olmaz. Bir xal da pis nəticə deyil. Amma evdə oynadığımız üçün biz 3 xalı qazanmalıydıq.
 
– Komandanın hazırkı durumunu yaxşılaşdırmaq üçün nə etmək lazımdı?
– Komandanı bu vəziyyətdən çıxartmağın yolu yalnız qələbə qazanmaqdı.
 
– Qələbə qazanmamağın səbəbi nədi?
– Yəqin ki, qol vura bilməyən komanda qələbə qazana bilməz. Bunu da biz etməliyik. Bu, tək məndən, ya başqasından asılı deyil. Komanda qol vurmağa çalışmalıdı ki, qələbə qazanaq.
 
– Həftə sonu "Bakı" ilə qarşılaşacaqsız. Bu görüş haqda nə deyə bilərsiz?
– "Bakı" güclü komandadı. Ancaq məğlubedilməz deyil. Biz də qələbə üçün hazırlaşırıq. Bakıdan 3 xalla qayıtmaq istəyirik. İnanıram ki, qələbə qazansaq, ardı gələcək.
 
– Kamran Ağayevin yoxluğu "Xəzər Lənkəran"a nə dərəcədə kömək edə bilər?
– Ola bilər ki, onun olub-olmaması nəyəsə təsir etsin. Onlar da öz məşqini keçir. Amma istəyir Kamran olsun, ya da başqası, biz öz oyunumuzu oynayacağıq.
 
– "Neftçi" məğlubiyyətindən sonra Con Toşak komandanı yeniyetmə adlandırmışdı…
– Baş məşqçimizdi. Ola bilər, əsəbindən deyib. Biz oyun vaxtı onun verdiyi tapşırıqları yerinə yetirmədik. Baş məşqçinin fikirlərini müzakirə etmək istəməzdim.
 
– Həmin oyundan sonra "Neftçi"nin futbolçuları Toşakın məşq vaxtı futbolçuları söydüyünü demişdi…
– Bu, ola bilməz. Toşak bizimlə söyüşlə danışa bilməz. Hamının ailəsi var. O söyüşlə danışırsa, söyüşləri kim götürər? Belə bir şeydən söhbət belə gedə bilməz.
 
– Ötən mövsüm kubok oyununda "Bakı"ya qarşı xüsusi əzmkarlıqla oynadız. Həmçinin ilk dövrədə də "Bakı"nı məğlub etdiniz. Bu komandaya qarşı xüsusi motivasiya ilə hazırlaşırsız?
– Tək "Bakı"ya qarşı yox, "Sumqayıt"a, "Rəvan"a qarşı da eyni güclə hazırlaşırıq. Lakin bəzi oyunlar var ki, bəxt səndən üz döndərir.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: