Topaz Premyer Liqasının 14-cü turunun "İnter" – "Neftçi" matçında meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze həmişəki ampluasında idi. Futbolinfo.az xəbər verir ki, daim çılğınlığı isə seçilən gürcü mütəxəssis prinsipial paytaxt derbisində də vərdişindən qalmadı.
Amma onun bu görüşdə bəzi hərəkətlərinə hakimlər tərəfindən də göz yumulması diqqətlərdən yayınmadı. Belə ki, Kaxa bir neçə dəfə texniki zona qaydalarını kobud şəkildə pozdu. Bu görüşdə dubla imza atan Vaqif Cavadovun ikinci qolundan sonra isə Sxadadze hətta "Neftçi"nin ehtiyat oyunçular skamyasına qədər irəlilədi.
Lakin nə qədər qəribə görünsə də, Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadası ona heç bir irad bildirmədilər.
Maraq üçün bildirək ki, "İnter" – "Neftçi" matçında baş hakimin köməkçiləri Mübariz Haşımovla Namiq Hüseynov, dördüncü hakim isə Nail Nağıyev idi. Əlavə köməkçi hakimlər Əliyar Ağayevlə Ramil Əhmədov olduğu halda, AFFA nümayəndəsi Qürbət Həsənov, hakim-inspektor Murad Məmmədov idi.





