Topaz Premyer Liqasının 14-cu turu çərçivəsində "Qəbələ" doğma divarlar önündə AZAL-ı 1:0 hesabı ilə məğlub etdi. Futbolinfo.az xəbər verir ki, bu görüşdə diqqəti çəkən məqamlardan biri də, satışa çıxarılmış biletlər üzrə oyundan sonra lotereya keçirilməsi oldu.
 
Belə ki, oyun başa çatdıqdan dərhal sonra müvafiq lotereya təşkil olundu. Nəticədə 4 şanslı azarkeş "Qələbə"nin qazandığı qələbə sevincinin üstünə qiymətli hədiyyə sevincini də əlavə etdi.
 
Bölgə təmsilçisinin bu aksiyası ilə bağlı klubun marketinq şöbəsinin meneceri Səməd Nəsibovla söhbətləşdik. O, bu məsələ ilə bağlı saytımıza açıqlamasında aşağıdakıları qeyd etdi:
 
"Qəbələ"nin son 3 oyunu iş günlərinə təsadüf etdi. Bu da istər-istəməz stadiona azarkeşlərin az gəlməsinə səbəb oldu. Düzdü, qəbələlilər futbolu çox sevirlər. Futbol azarkeşlər üçün nəzərdə tutulmuş idman növüdü. Həftəiçi əhalinin əksəriyyəti işdə olduğundan, futbol artıq 2-ci plana keçir. Biz də stadiona azarkeşlərin cəlb olunması üçün biletlər üzrə lotereya keçirilməsini qərara aldıq. Bununla da oyuna gəlmiş azarkeşlərı az da olsa, sevindirməyi bacardıq. Bəlkə elə bir insan var ki, futbola zərrə qədər də marağı olmasın. Ancaq həmin biletin səs-sorağına gəlib, "Qəbələ"nin gözəl oynadığının şahidi olduqda, növbəti oyunlara da gəlmək istədi. Bu, artıq sınanmış bir üsuldu. Əvvələr bu addım "Neftçi" klubu tərəfindən də atılıb. İnanırıq ki, sözügedən aksiya azarkeşlərimizin çoxalmasına səbəb olacaq. Onlar "Qəbələ"nin möhtəşəm çıxışını gördükdən sonra həvəslənəcəklər və növbəti oyunlarda da stadiona gəlib, doğma komandalarına dəstək olmağa çalışacaqlar. Bu şəhərə böyük futbol "Qəbələ" tərəfindən gəlib. Biz də azarkeşlərin futbola olan maraqlarının artırılması üçün əlimizdən gələni etməyə hazırıq".
 
Nəsibov yeni lahiyələri haqqında da danışdı: "Bildiyiniz kimi, yetkin insanları əsl azarkeşə çevirmək çətindi. Hər hansı bir komandaya azarkeşlik balaca vaxtlardan başlayır.  Bunun üçün də "Qəbələ"nin Futbolun Kütləviləşdirilməsi Departamenti təşkilatçılığı ilə bir sıra aksiyalar keçiririk. Bu aksiyalardan biri də "Məktəbli bileti" aksiyasıdı. Bu aksiya orta məktəb şagirdlərində azarkeş mədəniyyətinin formalaşdırılması və onların doğma komandalarına qarşı sevginin aşılanması üçün nəzərdə tutulub. Bunun nəticəsində gələcəyin sağlam düşüncəli azarkeşləri yetişdirilir. Biz bunun üçün məktəblilərə dərslərinə mane olmamaq şərtilə, tənəffüs zamanı bloknot formasında açılan xüsusi bilet veririk. "Məktəbli bileti" "Zet kart" formatındadı. Bilet açılanda böyük bir vərəq formasını alır. Orada "Qəbələ"nin mövsümdə keçirəcəyi bütün oyunların siyahısı olur. "Məktəbli bileti" olan şagirdlər mövsüm ərzində heç bir pul ödəmədən onlar üçün ayrılan tribunadan "Qəbələ"nin oyununu izləyə bilərlər. Məktəblilər oyun başa çatdıqdam sonra həmin vərəqələri açıb oyunun hesabını, qolların vurulma dəqiqələrini və müəlliflərini yazırlar. Mövsümün sonunda həmin biletlər yığılır. Kimlər həmin bileti daha düzgün və dəqiq doldurubsa, qiymətli hədiyyələrlə mükafatlandırılır. Beləliklə, bu biletə sahib olan məktəbli bütün mövsüm boyu futbolun içində olur və "Qəbələ" klubunu yaxından izləyir".
 
EMİN SƏFƏROV
Shares: